AnewZ-in məlumatına görə, Əfqanıstan və Rusiya şirkətləri cümə axşamı Kabilde ümumi dəyəri 103 milyon dollar olan 15 ticarət sazişi imzalayıb. İmzalanma Rusiya baş nazirinin müavini Aleksey Overçukun Əfqanıstana səfəri zamanı baş tutub.
Anlaşma memorandumları Əfqanıstana dərman, buğda, un və yemək yağının idxalını, həmçinin Əfqanıstan kənd təsərrüfatı məhsullarının, xüsusilə narın Rusiyaya ixracını nəzərdə tutur. Sazişlərin icrasına başlanacağı tarix açıqlanmayıb.
İmzalanma mərasimində Əfqanıstanın iqtisadi məsələlər üzrə baş nazirinin müavini Əbdül Qəni Bəradar iştirak edib.
Ticarət və investisiya əməkdaşlığı
Overçuk Kabilə təxminən 70 rusiyalı iş adamının müşayiəti ilə gəlib. O, Bəradar və baş nazir Məhəmməd Həsənlə Ərq sarayında görüşüb.
Overçukun sözlərinə görə, 2026-cı ilin ilk səkkiz ayında iki ölkə arasında ticarət dövriyyəsi iki dəfədən çox artaraq 349 milyon dolları ötüb. Rusiyanın Əfqanıstandan idxalı da 2,2 faiz artaraq 12,8 milyon dollara çatıb.
Overçuk Moskvanın Əfqanıstan iqtisadiyyatının bərpasına və yeni iş yerlərinin yaradılmasına dəstək verəcəyini bildirib: “Əfqanıstan iqtisadiyyatının bərpasında öz töhfəmizi verməyimiz vacibdir. Bu, həm də məşğulluq imkanları yaradacaq”.
Bəradar Rusiyadan Əfqanıstan məhsullarının bazara çıxışını asanlaşdırmağı və daşınma xərclərini azaltmağı xahiş edib. O, həmçinin mədənçilik, istehsal, xüsusi iqtisadi zonalar və iri infrastruktur layihələrinə, o cümlədən Salanq tunelinin ikinci hissəsinin inşasına Rusiya investisiyalarını təşviq edib.
Moskvanın Əfqanıstan hökumətini tanıması
Baş nazir Həsən Rusiyanın onun hökumətini tanımaq qərarını alqışlayıb və Moskvanın beynəlxalq arenadakı dəstəyinə görə minnətdarlığını bildirib. “Dəstəyiniz Əfqanıstanın inkişafı üçün əlavə imkanlar yaradacaq”, – deyə o bildirib.
Rusiya 2025-ci ilin iyulunda Taliban hökumətini rəsmən tanıyan ilk və indiyədək yeganə ölkə olub. Qadın və qızlara qoyulan məhdudiyyətlər də daxil olmaqla bir sıra narahatlıqları əsas gətirən digər ölkələr hökuməti tanımaqdan çəkinib.
Kabilə səfər Overçukla Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəqinin oktyabrda Moskvada keçirdiyi danışıqlardan sonra baş tutub. Görüşdə ticarətin genişləndirilməsi, enerji sahəsində əməkdaşlıq və nəqliyyat əlaqələri müzakirə olunub.