Əfqanıstanda Pakistanla sərhəddə baş verən qarşıdurmalarda 15 nəfər ölüb, onlarla insan yaralanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Agence France-Presse"-ə Əfqanıstanın Spin Boldak şəhərinin İctimai İnformasiya Departamentinin sözçüsü Əli Məhəmməd Həqmal məlumat verib.
Onun sözlərinə görə, qarşıdurma Qəndəhar vilayətinin Spin Boldak şəhərinin sərhədində baş verib.
Xəstəxana işçiləri həmçinin agentliyə bildiriblər ki, qadınlar və uşaqlar da daxil olmaqla, təxminən 80 nəfər xəsarət alıb.
Taliban sözçüsü müavini Həmdullah Fitrat "X" səhifəsində 12 nəfərin öldüyünü və 100-dən çox yaralının olduğunu bildirib.
O əlavə edib ki, bu səhər tezdən Pakistan əsgərləri yenidən Əfqanıstana hücuma başlayıblar və Əfqan qüvvələri cavab zərbəsi endirmək məcburiyyətində qalıb.
O, toqquşmalarda pakistanlı əsgərlərin həlak olduğunu da bildirib.