Azərbaycanın daha dörd cüdoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq. Hanna Zaytseva 63 kq, Vüsal Qələndərzadə, Zelim Tçkayev və Ömər Rəcəbli isə 81 kq çəki dərəcəsində çıxış edəcəklər.
Zaytseva 1/16 final mərhələsində Pey Çun Yuan (Çin Taypeyi) – Anna Kriza (Macarıstan) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək. Qələndərzadə 1/32 finalda Bolqarıstan təmsilçisi Hristo Valkovla qarşılaşacaq.
Tçkayevin 1/16 finaldakı rəqibi Timoti Meuvsen (Cənubi Afrika Respublikası) – Viktor Sterpu (Moldova) görüşünün qalibi olacaq. Eyni mərhələdə Rəcəbli Sibqatullah Arab (IRT) – Mahamadu Dukara (Mali) duelində üstün olan cüdoçu ilə qarşılaşacaq.
Təsnifat mərhələsinə saat 10:30-da start veriləcək, final bloku isə saat 18:00-da başlayacaq. Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatı oktyabrın 11-də başa çatacaq.
Azərbaycan təmsilçilərindən Əhməd Yusifov 60 kq çəki dərəcəsində qızıl, Rəşid Məmmədəliyev isə 73 kq-da bürünc medal qazanıb.