ABŞ Prezidenti Donald Tramp qarşıdan gələn aralıq seçkilərlə bağlı diqqətçəkən açıqlamalar verib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Tramp bu barədə "Punchbowl News" nəşrinə müsahibəsində danışıb.
Məlumata görə, o bildirib ki, noyabrın 3-də keçiriləcək aralıq seçkilərdə Demokratlar Partiyası qalib gələrsə, ABŞ tarixində sonuncu respublikaçı prezident ola bilər.
Trampın sözlərinə görə, Konqresin hər iki palatası – Nümayəndələr Palatası və Senatda siyasi balans dəyişməzsə, bu, Respublikaçılar Partiyasının hakimiyyətdən daha da uzaqlaşmasına səbəb ola bilər. Bununla yanaşı, o, partiyasının seçkilərdə qalib gələcəyinə inandığını da vurğulayıb.
Bundan əvvəl yayılan məlumatlarda isə bildirilirdi ki, Tramp qapalı görüşlərdə ABŞ-nin Vitse-prezidenti Cey Di Vensi özünün siyasi varisi kimi qiymətləndirib. O, donorları gələcək prezident seçkilərində Vensin namizədliyini dəstəkləməyə çağırsa da, hazırkı mərhələdə bu barədə danışmağın tez olduğunu qeyd edib.
Qeyd edək ki, 2026-cı ilin fevralında Nümayəndələr Palatasının spikeri Mayk Conson respublikaçıların aralıq seçkilərdə mümkün məğlubiyyətinin Donald Trampın siyasi dövrünün sonu ola biləcəyi barədə xəbərdarlıq etmişdi.