ABŞ Prezidenti Donald Tramp bu ilin aprel ayında Çin Xalq Respublikasına rəsmi səfər edəcəyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tramp bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumundan Vaşinqtona qayıdarkən “Air Force One” təyyarəsində jurnalistlərlə söhbəti zamanı məlumat verib.
ABŞ Prezidenti bildirib ki, Çin Xalq Respublikasının sədri Si Cinpin də ilin sonuna qədər ABŞ-a rəsmi səfər edəcək.
“Mən aprel ayında Çinə gedəcəyəm, Si Cinpin isə ilin sonunda ABŞ-a gələcək. Çin lideri Si ilə görüşü səbirsizliklə gözləyirəm”, – deyə Donald Tramp qeyd edib.
Tramp Si Cinpini “möhtəşəm insan” adlandıraraq, keçmişdə ABŞ–Çin münasibətlərinin gərgin olduğunu, lakin hazırda ikitərəfli əlaqələrin əhəmiyyətli dərəcədə yaxşılaşdığını vurğulayıb.
Prezidentin sözlərinə görə, münasibətlərin normallaşmasının konkret göstəricilərindən biri Çinin ABŞ-dan kənd təsərrüfatı məhsullarını, xüsusilə soyanı böyük həcmdə idxal etməsidir.
“Onlar çoxlu miqdarda soya alırlar. Bu, amerikalı fermerləri sevindirir və məni də məmnun edir”, – Tramp əlavə edib.