“Barselona”nın idman direktoru Deku klubun braziliyalı hücumçu Qabriel Jesusu transfer etmək qərarının səbəblərini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Arsenal”dan ayrılan futbolçu yay transfer pəncərəsinin bağlanmasına az vaxt qalmış “Barselona”ya keçib.
“Barselona”nın hücumçu axtarışı
Dekunun sözlərinə görə, klub yayda əsas hücumçularından biri olan Robert Levandovskini itirib. O, polşalı futbolçunun “Barselona” üçün hər şeyini verdiyini və komandanın titullar qazanmasına kömək etdiyini vurğulayıb.
“Dəyişiklik vaxtı çatmışdı və Levandovski də mühiti dəyişmək istəyirdi. Məqsədimiz meydanda aktiv hərəkət edən və komanda oyununda iştirak edən, fərqli xüsusiyyətlərə malik hücumçu transfer etmək idi”, – deyə Deku bildirib.
Alvares alınmadıqdan sonra seçim dəyişdi
İdman direktoru qeyd edib ki, Xulian Alvares klubun nəzərdən keçirdiyi futbolçulardan biri olub. Lakin “Atletiko” rəhbərliyi argentinalı hücumçunu satmayacağını dərhal bildirib.
“Qabriel Jesus əvvəlcə planlarımızda yox idi, onun vəziyyətindən xəbərdar deyildik. Xulianı transfer etməyin mümkün olmayacağını anladıqdan sonra Qabriel ideal seçimə çevrildi. Bizə məhz belə xüsusiyyətlərə malik oyunçu lazım idi”, – deyə Dekunun açıqlamasını “Barca Universal” yayıb.
Qabriel Jesus Kataloniya klubunun heyətində keçirdiyi dörd oyunda iki qol vurub.