Kubada milli elektrik şəbəkəsində baş verən növbəti nasazlıq ölkənin böyük hissəsini yenidən qaranlığa qərq edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, uzunmüddətli elektrik kəsintiləri xüsusilə paytaxt Havana sakinlərinin gündəlik həyatını iflic edib. Havanın həddindən artıq isti olması səbəbindən bir çox sakin sərinləmək üçün gecələri evlərinin damlarında keçirməyə məcbur qalır.
Bildirilib ki, elektrik enerjisinin olmaması su təchizatında da ciddi problemlərə səbəb olub. Şəhərdəki çoxmərtəbəli binalarda su nasosları elektriklə işlədiyi üçün minlərlə sakin günlərlə susuz qalıb.
51 yaşlı Havana sakini Yunaisi Durruti bildirib ki, artıq bir həftədir evindəki kranlardan su gəlmir. Onun sözlərinə görə, elektrik enerjisi qısa müddətə bərpa olunsa belə, şəhər şəbəkəsindəki nasazlıqlar səbəbindən su anbarları dolmur.
Sakinlər məişət ehtiyaclarını qarşılamaq üçün alternativ yollar axtarmağa məcbur qalıblar. Durruti çimmək, yemək bişirmək və paltar yumaq üçün elektrik kəsintilərinin daha az olduğu qohumlarının evinə getdiyini bildirib. Eyni zamanda, bir çox ailə ərzaq məhsullarının xarab olmaması üçün soyuducularını boş saxlamağa üstünlük verir.