Türkiyədə keçirilən BMT-nin iqlim danışıqlarında yekun saziş üzrə razılığa yaxınlaşılıb. AnewZ-nin məlumatına görə, noyabrın 22-də COP31-ə sədrlik edən Avstraliya və Türkiyə qlobal istiləşmə ilə mübarizənin irəli aparılması barədə konsensus əldə etmək məqsədilə yeni paket təqdim edib.
Yenilənmiş saziş layihəsi konfransın Antalyada başa çatması planlaşdırılan vaxtdan iki gün sonra yayımlanıb. Təsdiqlənəcəyi halda, sənəddə qlobal istiləşmənin ölkələrin qorumağa çalışdığı 1,5°C həddini aşmaq üzrə olduğu ilk dəfə etiraf ediləcək. Layihədə həddi aşmanın sonradan geri çevrilməsi üçün karbonun atmosferdən çıxarılması texnologiyalarının daha sürətlə inkişaf etdirilməsi də nəzərdə tutulur.
Layihədə qalıq yanacaqlar açıq şəkildə qeyd olunmayıb
Sənəddə iqlim dəyişikliyinə səbəb olan qalıq yanacaqlardan bəhs edilmir. Bu məsələ danışıqlarda fikir ayrılıqlarının əsas mövzularından biri olub. Bunun əvəzinə layihədə hökumətlərin neft, qaz və kömürdən mərhələli şəkildə uzaqlaşmaq barədə razılığa gəldiyi əvvəlki COP qərarına istinad edən ifadələr yer alıb.
“Düşünürük ki, bütün tərəflərin razılaşa biləcəyi mətn təqdim etmişik”, – COP31-in prezidenti Murat Kurum bazar günü səhər keçirilən plenar iclasda deyib. Onun sözlərinə görə, sazişin təsdiqlənməsi üçün konfrans səhər yenidən toplanacaq.
Ətraf mühit təşkilatı “350.org” layihənin qalıq yanacaqları açıq şəkildə qeyd etməməsindən və karbonun çıxarılması texnologiyalarını təşviq etməsindən narazılığını bildirib. Təşkilatın kampaniyalar və şəbəkələr üzrə direktoru Sara Şou karbon qazının atmosferə çatmadan tutulması praktikasını nəzərdə tutaraq deyib: “Karbonun tutulması həddi aşma dövrünün ən böyük fırıldaqlarından biridir və liderlərimiz buna aldanmaq üzrədir”.
Şounun fikrincə, layihə daha çox qalıq yanacaq hasilatına yol açır. Qapalı danışıqları izləyən şəxslər isə Səudiyyə Ərəbistanı və digər iri neft hasilatçısı ölkələrin qalıq yanacaqların mətndən kənarda saxlanması, karbonun çıxarılmasının isə sənədə daxil edilməsi üçün danışıqlarda ciddi təzyiq göstərdiyini bildiriblər. Səudiyyə nümayəndə heyətinin təmsilçisi şərh verməkdən imtina edib.
Layihə üzrə etirazların bildirilməsi üçün vaxt ayrılıb
Yeni mətn Avstraliya, görüşə ev sahibliyi edən Türkiyə və dünyanın ən zəngin, ən yoxsul, ən böyük və ən kiçik ölkələrindən təxminən 200 nümayəndə heyəti arasında intensiv məsləhətləşmələrdən sonra hazırlanıb. Sədrlik nümayəndə heyətlərinə sazişlə bağlı etirazlarını bildirmək üçün bir neçə saat vaxt verib. Layihənin təsdiqinə başlamaq üçün iclas saat 10:00-a təyin olunub.
Avstraliyanın Türkiyənin dəstəyi ilə qarşısında duran vəzifə iqlim dəyişikliyinə ən həssas ölkələrin ehtiyacları ilə iqtisadiyyatları qalıq yanacaqların istehsalından və ya istehlakından asılı olan ölkələrin maraqlarını uzlaşdıran saziş tapmaq olub.
Bu ilki COP BMT-nin ətraf mühit qurumunun qlobal temperatur artımının 1,5°C həddini aşacağının təsdiqlənməsindən sonra keçirilən ilk konfransdır. Ölkələr on ildən çox əvvəl bu həddi keçməməyə çalışmaq barədə razılığa gəliblər; hədd aşıldıqda ekstremal hava hadisələrinin təsirləri güclənir.