Çin hakimiyyəti ABŞ Dövlət Departamentinin son illərdə Çində nüvə sınaqları keçirilməsi ilə bağlı səsləndirdiyi ittihamları qəti şəkildə rədd edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Silahsızlanma Konfransının Cenevrədə keçirilən iclasında çıxış edən Çinin Silahsızlanma Məsələləri üzrə fövqəladə və səlahiyyətli səfiri Şenq Cianq bildirib ki, ABŞ-nin Çinin nüvə sınaqları keçirməsi ilə bağlı iddiaları “tamamilə əsassızdır”.
“China Central Television” Şenq Cianqın sözlərindən sitat gətirərək qeyd edib ki, rəsmi Pekin Hərtərəfli Nüvə Sınaqlarının Qadağan Edilməsi Müqaviləsinin məqsəd və vəzifələrinə sadiqdir. Diplomat vurğulayıb ki, Vaşinqton da nüvə sınaqlarına moratoriumla bağlı öhdəliklərinə əməl etməli və bu sahədə qlobal konsensusu dəstəkləməlidir.
Şenq Cianq əlavə edib ki, ABŞ-nin Çinə qarşı bu cür ittihamları “Amerika tərəfinin öz nüvə sınaqlarını bərpa etməsi üçün sadəcə bəhanədir”.