Qadın voleybolçular arasında CEV Çempionlar Liqasının qrup mərhələsində “Turan”ın rəqiblərini qəbul edəcəyi arena məlum olub. Klubun mətbuat katibi Azər İsmayıl bildirib ki, D qrupunda mübarizə aparacaq komanda ev oyunlarını Tovuz Olimpiya İdman Kompleksində keçirəcək.
Avropa Voleybol Konfederasiyası ilə aparılan danışıqlar müsbət nəticələnib. Bununla bölgə azarkeşləri qitənin nüfuzlu klub turnirinin qarşılaşmalarını Tovuzda izləyə biləcəklər.
Ziya Rəcəbovun rəhbərlik etdiyi kollektiv ilk ev oyununda dekabrın 16-da Serbiyanın “TENT” komandası ilə qarşılaşacaq. Türkiyənin “Əczacıbaşı” və İtaliyanın “Savino Del Bene” klubları isə yanvarda Tovuza səfər edəcəklər.
“Turan”ın ev oyunlarının təqvimi
- 16 dekabr, saat 19:00: “Turan” – “TENT” (Serbiya)
- 13 yanvar, saat 19:00: “Turan” – “Əczacıbaşı” (Türkiyə)
- 27 yanvar, saat 19:00: “Turan” – “Savino Del Bene” (İtaliya)
Tovuz təmsilçisi təsnifat mərhələsinin son raundunda Bolqarıstanın “Maritsa” komandasını mübarizədən kənarlaşdıraraq tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib.
Azərbaycan çempionu qrup mərhələsində mübarizəyə bu gün İtaliyada başlayacaq. “Savino Del Bene” ilə görüş Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.