UEFA prezidenti Aleksander Çeferin FİFA rəhbərliyində dəyişikliklərin vacibliyini bildirib. O, bu fikirləri Kopenhagendə Avropa Futbol Klubları Assosiasiyasının görüşündə səsləndirib.
Çeferin çıxışında FİFA prezidenti Canni İnfantinonun adını çəkməsə də, qurumun hazırkı rəhbərliyinin təşəbbüslərini tənqid edib.
“Artıq deməyin vaxtıdır: bəsdir. Təsəvvür edin ki, kimsə sizin arxanızca aktivlərinizin satılmasından danışır. Təsəvvür edin ki, sizə əvvəlcədən xəbər vermədən sülh mükafatı təqdim edirlər. Futbol onu idarə edən insanlardan daha böyükdür. Heç kimin onun gələcəyini satmağa haqqı yoxdur. Futbol satılmır — nə bu gün, nə də sabah”, — Çeferinin sözlərini L’Équipe nəşri yayıb.
İnfantino dünya çempionatlarına özəl investisiyaların cəlb olunması planları ilə bağlı da tənqidlərə məruz qalıb. UEFA, Şimali və Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyası (KONKAKAF), həmçinin Asiya Futbol Konfederasiyası bu təklifi rədd edib.
FİFA rəhbəri ABŞ prezidenti Donald Trampa qurumun Sülh mükafatını təqdim etdiyinə görə də tənqid olunub. İnfantino 26 fevral 2016-cı ildən FİFA prezidentidir. Təşkilata rəhbər seçkiləri 2027-ci ilin yazında Mərakeşdə keçiriləcək.