Braziliyalı futbolçu Oskar ürək problemləri səbəbindən San-Pauloda xəstəxanaya yerləşdirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə onun çıxış etdiyi “San Paulo” klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tibbi müayinələr zamanı futbolçuda ürək problemləri aşkarlanıb.
“Globo” portalının məlumatına görə, Oskar velosiped sürərkən huşunu itirib və təxminən iki dəqiqə huşsuz vəziyyətdə qalıb. Mənbə qeyd edir ki, futbolçu sağlamlıq durumuna görə karyerasını bitirə bilər.
Məlumata əsasən, Oskar avqust ayında eyni diaqnozla həkim nəzarətinə götürülüb. Sonradan ona peşəkar fəaliyyətini davam etdirməyə icazə verilsə də, ailəsinə həyatına təhlükə yaranarsa, karyerasını dayandıracağı bildirilib.
Klubun açıqlamasında deyilir: “Oyunçu xəstəxanaya aparılıb və hazırda vəziyyəti stabildir. Diaqnozu təsdiqləmək üçün əlavə müayinələr aparılır. Standart prosedurlara və məxfilik qaydalarına uyğun olaraq, yeni məlumatlar tibbi heyət və futbolçunun təsdiqi ilə açıqlanacaq”.
34 yaşlı yarımmüdafiəçi “San Paulo” klubunun yetirməsidir və 2025-ci ilin yanvarında komandaya qayıdıb. O, daha əvvəl “İnternasional”, “Çelsi” və “Şanxay Port”da çıxış edib, İngiltərə Premyer Liqası, Avropa Liqası və Çin Superliqasında titullar qazanıb.
Oskar Braziliya millisində 48 oyuna çıxıb, 12 qol və 15 asistlə yadda qalıb. O, 2013-cü ildə Konfederasiyalar Kubokunun qalibi, 2011-ci ildə isə Gənclər üzrə Dünya Çempionatının qalibi olub.
“San Paulo” hazırda Braziliya Çempionatında 33 turdan sonra 45 xalla 8-ci pillədə qərarlaşıb. Komandanın növbəti oyunu noyabrın 21-də səfərdə “Korintians”a qarşı olacaq.