Bolqarıstanda oktyabrın 25-də keçiriləcək prezident seçkisi ilə bağlı təşviqat kampaniyası dövrü rəsmən başlayıb.Seçki təqviminə əsasən, prezident və vitse-prezident vəzifələri uğrunda 27 namizəd cütlüyü mübarizə aparacaq.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Bolqarıstanın müvafiq seçki qurumları məlumat yayıb.
Seçki qanunvericiliyinə görə, siyasi partiyalar, təşəbbüs komitələri, namizədlər və onların nümayəndələri şifahi və yazılı formada, seçki toplantıları və media vasitəsilə təşviqat apara bilərlər. Kampaniya ölkənin rəsmi dili olan bolqar dilində aparılacaq.
Bolqarıstan Mərkəzi Seçki Komissiyasının (MSK) açıqlamasına əsasən, təşviqat kampaniyası oktyabrın 23-ü yerli vaxtla saat 00:00-da başa çatacaq. Prezident seçkisinin ilk turu oktyabrın 25-də keçiriləcək.
Qanunvericiliyə uyğun olaraq, ilk turda nəticə müəyyənləşməzsə, ikinci tur noyabrın 1-də baş tutacaq.
Seçki prosesi çərçivəsində Mərkəzi Seçki Komissiyasi prezidentliyə namizəd Aleksandar Tomov və vitse-prezidentliyə namizəd Sergey İndzhovun qeydiyyatını ləğv edib. Qərara İndzhovun doğulduğu vaxtdan etibarən keçmiş Sovet İttifaqı vətəndaşlığına malik olduğunun müəyyənləşdirilməsi səbəb olub.
Komissiyanın qərarında bildirilib ki, prezident və vitse-prezidentliyə namizədlər doğulduqları andan yalnız Bolqarıstan vətəndaşı olmalı və başqa ölkənin vətəndaşlığını daşımamalıdırlar.
İndzhovun namizədliyinin ləğvindən sonra "Bolqarıstan Sosial Demokratiyası–Avropalı Sol" Partiyası vitse-prezidentliyə Aleksandar Tsvetanov Garibovun namizədliyini irəli sürüb. Mərkəzi Seçki Komissiyası Garibovun namizədliyini Tomovla birlikdə yenidən qeydə alıb.
Xatırladaq ki, Bolqarıstanda sonuncu prezident seçkisi 14 noyabr 2021-ci ildə, onun ikinci turu isə 21 noyabr 2021-ci ildə keçirilib.