Amerika Birləşmiş Ştatları dövlət katibi Entoni Blinken İsrailə səfər edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Blinkenin İsrail-HƏMAS qarşıdurmasının başladığı 7 oktyabrdan bu yana Yaxın Şərqə etdiyi 3-cü rəsmi səfərində İsrail baş naziri B.Netanyahu və Fələstin prezidenti Mahmud Abbasla görüşməsi gözlənilir.
İsrail və Fələstin rəsmilərilə aparılacaq danışıqlarda Qəzzada əldə olunan müvəqqəti atəşkəs müddətinin artırılması, İsrail və HƏMAS-ın saxladığı əsirlərin azad edilməsi və Qəzzaya olunan yardımlar müzakirə olunacaq.
Ağ Ev döyüşlərə verilən humanitar fasilələrin bundan sonra ən azı 15 gün davam etdirilməsini tövsiyə edib. Co Bayden, fələstinlilərə humanitar yardımların çatdırılması, onların müvafiq olaraq xəstəxanalara və sığınacaqlara yerləşdirilməsi üçün bunun vacib olduğunu bildirib. 1.5 milyondan çox fələstinli münaqişələr zamanı Qəzzanın şimalını tərk edərək cənuba köçüb.
Onların böyük hissəsi çadırlarda məskunlaşıb.
Netanyahu, humanitar fasilənin yekunlaşmasından dərhal sonra İsrailin Qəzza sektorunun şimalında və cənubunda əməliyyatlarını bərpa edəcəyini bəyan edib. Hazırki şəraitdə isə, Qəzzanın cənubunda toplaşan yüz minlərlə fələstinlinin aqibəti qeyri-müəyyəndir.
Misir və İordaniya rəsmiləri daha əvvəl fələstinli qaçqınları qəbul etməyəcəklərini bildirmişdi. "Rəfah" sərhəd-keçid məntəqəsindən Misirə yalnız xarici ölkə vətəndaşlığı olanların və ağır xəstələrin keçidinə icazə verilir.