Belçika 2026-cı ilin sonunadək Ukraynaya 10 ədəd F-16 qırıcı təyyarəsi təhvil vermək niyyətindədir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Belçikanın Baş naziri Bart de Vever deyib.
"Ukraynaya döyüş qabiliyyətli qırıcı təyyarələr lazımdır və biz bu istiqamətdə töhfə verə bilərik. Bu il 10 qırıcı təhvil verəcəyik", - o qeyd edib.
Belçikanın Baş naziri hərbi texnikanın tədarük qrafikinin ABŞ istehsalı olan F-35 qırıcılarının Belçikaya çatdırılmasında yaranan gecikmələr səbəbindən dəyişdirildiyini bildirib. Həmin təyyarələr Belçika Hərbi Hava Qüvvələrinin arsenalındakı F-16-ları əvəz etməlidir.
Qeyd edək ki, Belçika 2024-cü ildə Ukraynaya ilk iki F-16 qırıcısını, daha sonra isə istismara yararlı qalan təyyarələri mərhələli şəkildə təhvil verməyi vəd etmişdi.
2026-cı ilin iyununda Belçikanın müdafiə naziri Teo Franken ilin sonunadək Ukraynaya yeddi F-16 qırıcısının verilməsinin planlaşdırıldığını açıqlamışdı. Lakin F-35-lərin tədarükündəki gecikmələr səbəbindən indiyədək təhvilvermə prosesi başlamayıb.