Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi başlayıb. Tədbir Milli Gimnastika Arenasında keçirilir.
Ötən gün start götürən dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. Beynəlxalq cüdo təqviminin nüfuzlu yarışında 93 ölkədən 622 idmançı mübarizə aparır. Onların 335-i kişi, 287-si qadındır.
Azərbaycan fərdi yarışlarda 13 çəki dərəcəsi üzrə 24 cüdoçu ilə təmsil olunur. Heyətdə 17 kişi və 7 qadın idmançı yer alıb. Azərbaycan yığması oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında da qüvvəsini sınayacaq.
Yığmanın aktivində hələlik bir medal var. Yarışın ilk günündə tatamiyə çıxan Əhməd Yusifov 60 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.