Əsas məzmuna keç

Azərbaycanda "Sudan ödənişli istifadə qaydaları" yenilənib

Azərbaycanda "Sudan ödənişli istifadə qaydaları" yenilənib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən tətbiq edilən yeni tariflər və limitlər əhaliyə necə təsir edəcək? Qaydalardakı dəyişikliklər açıqlandı.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

"Sudan ödənişli istifadə Qaydaları"nı yeni redaksiyada təsdiqləyib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə edilməsinə, o cümlədən texniki qurğular və avadanlıqlar tətbiq edilməklə su obyektlərindən suyun götürülməsinə görə ödənişlər həyata keçirilir və ödənişlər Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) xəzinə hesabına köçürülür.

Ödənişlər təsdiq edilmiş tariflər və istifadə olunan suyun həcmi əsasında hesablanır. Qaydalara əsasən, su obyektlərindən suyun həcmi, ilk növbədə, suölçmə cihazlarının göstəriciləri əsasında müəyyən edilir. Bu cihazlar quraşdırılmadıqda isə suyun həcminin hesablanması üçün alternativ üsullar tətbiq olunur.

Belə ki, suyun götürülməsi enerjisi ilə işləyən qurğular vasitəsilə həyata keçirilirsə, aylıq elektrik enerjisi sərfiyyatı həmin qurğunun bir kubmetr suyun götürülməsinə sərf etdiyi elektrik enerjisi göstəricisinə bölünməklə suyun həcmi hesablanır.

Elektrik enerjisindən istifadə edilmədikdə və suölçmə cihazı olmadıqda, suyun həcmi götürülmə məqsədindən və istifadə olunan texniki qurğunun imkanlarından asılı olaraq müəyyən edilir. Bu halda sənaye məqsədilə götürülən yerüstü suyun həcmi qurğunun illik maksimum su götürmə imkanının 50 %-i, digər məqsədlər üçün götürülən yerüstü suyun və yeraltı suyun həcmi isə 10 %-i həcmində hesablanır. Hidroenergetika məqsədilə götürülən suyun həcmi istehsal olunan elektrik enerjisinin miqdarına uyğun müəyyənləşdirilir.

Sudaşıyan avtomobillərlə götürülən suyun həcmi isə müvafiq su təchizatı qurumu ilə hüquqi və ya fiziki şəxs arasında imzalanan akt əsasında müəyyən edilir. Suölçmə cihazlarının quraşdırılması su istifadəçilərinin öhdəliyidir. Alternativ hesablama üsulları cihazlar quraşdırılanadək tətbiq olunur.

Qaydalarda ödənişdən azad edilən hallar da nəzərdə tutulub. Belə ki, "Regional Su Meliorasiya" QSC-nin emal edilməmiş su ilə təmin edilməsi, "Regional Su Meliorasiya" QSC və "İri Şəhərlərin Su Təchizatı" QSC tərəfindən içməli su təchizatı, eləcə də "AzərEnerji" ASC tərəfindən elektrik enerjisinin istehsalı üçün sudan istifadə edilməsinə görə təbii su mənbələrindən götürülən su üçün ödəniş tutulmur.

Su obyektlərinə tullantı sularının axıdılmasına görə ödəniş isə faktiki axıdılan tullantı sularının həcmi əsasında hesablanır. Su ehtiyatlarının uçotu, ödənişlərin həyata keçirilməsi və sudan istifadəyə nəzarət ADSEA-nın yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən həyata keçirilir.

Xam suyun dəyəri növbəti ayın 10-dək ödənilməlidir

"Regional Su Meliorasiya" QSC istehlakçıları ödənişli əsaslarla xam su ilə təmin edir. Bu xidmətə görə ödənişlər təsdiq edilmiş tariflər əsasında təchiz olunan suyun həcminə uyğun hesablanır.

Xam suya görə ödənişləri Sudan İstifadəedənlər Birlikləri (SİB), suvarma suyunu birbaşa alan kənd təsərrüfatı istehsalçıları, qış otlaqlarının və örüşlərin istifadəçiləri, balıqçılıq təsərrüfatları, ev təsərrüfatları, sənaye müəssisələri, energetika müəssisələri, "İri Şəhərlərin Su Təchizatı" QSC və digər hüquqi və fiziki şəxslər həyata keçirirlər.

SİB-lər istisna olmaqla, istehlakçılara xam suyun verilməsi tərəflər arasında bağlanan və aylıq su istifadə qrafikini əks etdirən müqavilə əsasında həyata keçirilir. Təchiz edilən suyun həcmi suölçmə cihazı ilə müəyyənləşdirilir. Belə cihaz olmadıqda isə suyun verilməsi və istifadəsi barədə aylıq hesabat təsdiqlənir və müvafiq akt tərtib olunur.

İstehlakçılar cari ayda aldıqları xam suyun dəyərini növbəti ayın 10-dək ödəməlidirlər.

Su qıtlığı yaranarsa, təchizat azaldıla bilər

Xam suyun təchizatı su mənbələrinin və suvarma sistemlərinin imkanları nəzərə alınmaqla müəyyən edilir. Sərhəd çaylarından su götürülməsi qonşu dövlətlərlə bağlanmış sazişlərdə müəyyən edilən limitlər, ölkə çaylarından götürülməsi 75 % təminatlı illik su axımı, digər mənbələrdən götürülməsi isə təsdiq edilmiş istifadə limitləri çərçivəsində həyata keçirilir.

Mənbələrdə su çatışmazlığı yarandıqda, fors-major hallar istisna olmaqla, "Regional Su Meliorasiya" QSC istehlakçıları 30 təqvim günü əvvəlcədən xəbərdar etməklə verilən xam suyun həcmini mütənasib şəkildə azalda bilər. Bu zaman əhalinin içməli suya olan tələbatı nəzərə alınmalı və suyun bölüşdürülməsində bərabər təminat prinsipi əsas götürülməlidir.

Su istehlakçıları təchiz ediləcək suyun həcminin dəyişdirilməsi ilə bağlı təkliflərini su verilməsinə başlanmazdan ən azı 30 təqvim günü əvvəl müvafiq quruma təqdim etməlidirlər.

İçməli suya görə ödəniş istehlakçı qruplarına uyğun hesablanacaq

Mərkəzləşdirilmiş qaydada içməli su təchizatı "İri Şəhərlərin Su Təchizatı" QSC və "Regional Su Meliorasiya" QSC tərəfindən ödənişli əsaslarla həyata keçirilir. İstehlak olunan suyun həcmi müvafiq qanunvericiliyə və sudan istifadə qaydalarına uyğun müəyyən edilir.

İstehlakçılar üç qrupa bölünür: əhali, qeyri-əhali və içməli sudan xammal kimi istifadə edən istehlakçılar.

Əhali qrupu yaşayış evlərində, mənzillərdə, qarajlarda, həyətyanı və bağ sahələrində sudan məişət ehtiyacları, o cümlədən suvarma üçün istifadə edən istehlakçıları əhatə edir. Hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər bu qrupa daxil edilmir.

Qeyri-əhali qrupuna digər istehlakçılar, sudan xammal kimi istifadə edən qrupa isə içməli sudan yararlanmaqla sənaye üsulu ilə içki istehsal edən qeyri-xidmət sahələri aid edilir. Suya görə ödənişlər təsdiq edilmiş tariflər əsasında hesablanır. İçki istehsalçıları üçün tullantı sularının axıdılması xidmətinə görə haqq da sudan istifadə tarifinə daxildir.

Suvarma suyunun qiymətini SİB-lər müəyyən edə bilər

Sudan İstifadəedənlər Birlikləri əkin sahələrinin suvarma suyu ilə təmin edilməsini ödənişli əsaslarla həyata keçirirlər. Su təchizatı birliklərin üzvləri və digər kənd təsərrüfatı istehsalçıları ilə bağlanan, aylıq su istifadə qrafikini əks etdirən müqavilələr əsasında təşkil olunur.

SİB-lər suvarma suyunun qiymətini təsdiq edilmiş sudan istifadə tarifinin yuxarı həddini aşmamaq şərtilə sərbəst müəyyən edə bilərlər. Birliklər həmçinin suvarma suyunun uçotunu aparmalı, istehlakçıların siyahısını müəyyənləşdirməli, su istifadə qrafiklərinə əməl olunmasına və ödənişlərin həyata keçirilməsinə nəzarət etməlidirlər.

Əkin sahələrinə verilən suyun həcmi suölçmə cihazları ilə müəyyən edilir. Cihaz quraşdırılmadıqda isə müvafiq əkin sahələri üçün nəzərdə tutulmuş suvarma normaları əsas götürülür.

Beləliklə, qaydalar su ehtiyatlarından istifadənin uçotunun gücləndirilməsini, suyun həcminin müəyyən edilməsi üçün vahid yanaşmanın tətbiqini və su təchizatı xidmətlərinə görə ödənişlərin tənzimlənməsini nəzərdə tutur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…