Milli Hidrometeorologiya Xidmətinin fevralın 10-u saat 10:00-a olan məlumatına əsasən, Azərbaycanda yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, əksər ərazilərə yağış, bəzi dağlıq bölgələrə isə qar yağır.
Faktiki hava şəraiti ilə bağlı açıqlanan rəqəmlərə görə, qar örtüyünün hündürlüyü Şahbuzda 37, Qaxda (Sarıbaş) 25, Qrızda 6, Şahdağda 4, Xaltanda 3 sm-ə çatıb. Həmçinin Şəki (Kişçay), Xızı və Qusarda 2, Göygöl, Daşkəsən, Kəlbəcər və Qubada 1 sm qar qeydə alınıb.
Düşən yağıntının miqdarı Ordubadda 6, Naxçıvan və Sədərəkdə 4, Şərur, Şabran, Astara və Yardımlıda 3, Culfa, Şəmkir, Lerik və Lənkəranda 2 mm təşkil edir.
Bundan başqa, Gədəbəy, Laçın, Qubadlı, Gəncə, Tovuz, Balakən, Zaqatala, Xaçmaz, Mingəçevir, Sabirabad, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm yağıntı düşüb.
Hazırda ölkə ərazisində şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Şahdağ və Neftçalada 20, Daşkəsən və Naftalanda 18, Şəkidə 15 m/s-dək güclənir.
Hava şəraiti ilə əlaqədar Şamaxı, Quba, Qusar, Qrız, Xaltan, Tərtər, Yevlax, Göyçay, Zərdab, İmişli, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara və Lerikdə duman müşahidə olunur. Bu ərazilərdə görünüş məsafəsi 500 metrədək məhdudlaşır.