Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. Qəssabların sözlərinə görə, son bir ayda ətin kiloqramı həm bölgələrdə, həm də paytaxtda təxminən 1-2 manat bahalaşıb. Bəs qiymət artımının səbəbi nədir? Fermerlərin xərcləri niyə artır və dövlətin yeni subsidiya mexanizmi kiçik təsərrüfatlara nə vəd edir?
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İTV-nin hazırladığı reportajda bu suallara fermerlər, qəssablar, iqtisadçı ekspert və Kənd təsərrüfatı nazirinin müavini münasibət bildirib.
Şamaxının Qonaqkənd kəndində yaşayan 58 yaşlı Süsən xanım 30 ildir fermerliklə məşğuldur. Hər səhər gün doğmamış fermasına gəlir, əvvəlcə balalara qulluq edir, daha sonra digər heyvanların yemlənməsi və baxımı ilə məşğul olur.
Süsən xanım bir il əvvəl yerli inəklərini sataraq 22 baş “Holşteyn” cinsindən olan inək alıb. Məqsədi isə daha çox məhsul və ət əldə etməkdir.

“Elə bil ki, 600 kiloya kimi olur. Onların çəkisi 600-650 kilo olmalıdır. Bu balalarınkı isə indi 300-350 kilodur”, – fermer deyir.
Amma daha məhsuldar heyvan saxlamaq fermer üçün daha böyük xərc deməkdir. Tövlə şəraitində saxlanılan bu heyvanlar yerli mal-qara kimi örüşdə otlamır. Onların xüsusi yemə və bahalı yoncaya ehtiyacı var.
Bir iribuynuzlu heyvanın gündəlik yem xərci orta hesabla 10-12 manat təşkil edir. Süsən xanımın 22 baş heyvanı üçün bu, ay ərzində 3 min manatdan çox xərc deməkdir.
Fermer hər inəkdən gündə 18-20 litr süd əldə edir. Südün litri 1 manata satılır. Lakin fermerin sözlərinə görə, əldə olunan gəlir çox zaman yem və digər xərcləri tam qarşılamağa kifayət etmir.
![]()
Kiçik fermerlər subsidiya ala biləcəkmi?
Heyvandarlıqla məşğul olan fermerlərin əsas gözləntilərindən biri dövlət dəstəyidir.
Aqrar Subsidiya Şurasının yeni qərarına əsasən, heyvandarlıq üzrə subsidiya almaq üçün fermerin minimum 50 baş cins və ya 100 baş mələz sağmal heyvanı olmalıdır. Bu halda hər heyvana görə illik 500 manatdan 1500 manatadək dövlət dəstəyi nəzərdə tutulur.
Problem isə ondadır ki, Azərbaycanda çoxsaylı kiçik təsərrüfatlarda heyvanların sayı bu həddə çatmır.
Süsən xanım da dövlət dəstəyinin kiçik fermerlərə şamil olunmasını istəyir:
“Biz də istəyərdik ki, bizim kimi kiçik sahibkarlara da şamil olunsun. Biz də məhsulumuzu sata bilək, verə bilək, heyvanlarımızı artıra bilək. 50 olmasın, 60 olsun, 100 olsun”.

Kənd təsərrüfatı eksperti Cəfər İbrahimli də yeni subsidiya mexanizminin əhatə dairəsi ilə bağlı məsələyə diqqət çəkir. Onun sözlərinə görə, 50 baş və daha çox heyvanı olan təsərrüfatlar ümumi heyvan sürüsünün yalnız kiçik hissəsini təşkil edir.
Azərbaycanda heyvanların sayı azalır, ət isə bahalaşır
Məsələnin digər tərəfi isə ölkədə mal-qaranın sayının azalmasıdır.
Son 5 ildə Azərbaycanda iribuynuzlu mal-qaranın sayı 240 min baş, xırdabuynuzlu heyvanların sayı isə 2 milyondan çox azalıb.
Beləliklə, heyvanların sayında azalma fonunda ətin qiymətində də artım müşahidə olunur.

Qəssabların sözlərinə görə, son bir ayda bölgələrdə mal ətinin kiloqramı təxminən 1 manat bahalaşıb. Məsələn, əvvəl 17 manata satılan sümüklü ətin qiyməti hazırda 18 manatdır.
Paytaxtda isə qiymətlər daha yüksəkdir. Satıcıların bildirdiyinə görə, dana əti hazırda 18,50-19 manata təklif olunur.
Qəssablar bahalaşmanı, əsasən, heyvanların alış qiymətinin yüksəlməsi ilə əlaqələndirirlər. Onların sözlərinə görə, yem xərclərinin artması və xaricdən diri mal-qaranın gətirilməsi ilə bağlı vəziyyət də qiymətlərə təsir göstərir.
Ətin qiyməti niyə artır?
Kənd təsərrüfatı eksperti Cəfər İbrahimli hesab edir ki, mal ətinin bahalaşmasının əsas səbəblərindən biri fermerlərin istehsal xərclərinin artmasıdır.
Azərbaycanda heyvan yemlərinin bir hissəsi xaricdən, o cümlədən Rusiyadan gətirilir. Digər hissəsi isə ölkə daxilində istehsal olunur. Gübrə və logistika xərclərinin artması yem bazarına da təsir göstərir.
Bu isə son nəticədə fermerin xərclərinin artmasına, həmin xərclərin isə ətin maya dəyərinə yansımasına səbəb olur.

Ətin qiymətindəki artımla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə də müraciət edilib. Agentlik qiymət dəyişikliklərini mütəmadi monitorinq etdiyini bildirib. Qurumun açıqlamasına görə, rəqabət qanunvericiliyinin pozulması və əsassız qiymət artımı ilə bağlı müraciət daxil olduğu halda müvafiq tədbirlər görülə bilər.
Nazirlik: Məqsəd heyvan sayını yox, məhsuldarlığı artırmaqdır
Kənd Təsərrüfatı Nazirliyinin mövqeyinə görə isə yeni subsidiya mexanizminin əsas məqsədi ölkədə heyvanların sayını sadəcə artırmaq deyil, onların məhsuldarlığını yüksəltməkdir.
Nazir müavini Zaur Əliyev İTV-yə açıqlamasında bildirib ki, əsas hədəf yarımintensiv və intensiv bəsləmə üsullarına keçmək, heyvanların yemlənmə və saxlanma şəraitini yaxşılaşdırmaq, orta və kəsim çəkisini artırmaqdır.

Nazir müavininin sözlərinə görə, subsidiya üçün müəyyən edilən 50 baş cins və 100 baş mələz heyvan limiti ilkin mərhələdə uçot, identifikasiya və vəsaitlərin şəffaf şəkildə fermerlərə çatdırılması ilə bağlıdır.
O qeyd edib ki, sistem formalaşdıqca növbəti illərdə bu limitlərin aşağı salınması və ya aradan qaldırılması nəzərdə tutulur.
Beləliklə, fermerin xərci artır, heyvanların sayı azalır, ətin qiyməti isə yüksəlir. Dövlət isə yeni subsidiya mexanizmi ilə daha məhsuldar təsərrüfatların inkişafını hədəfləyir.
Kiçik fermerlərin bu prosesdən nə vaxt və hansı formada faydalana biləcəyi isə növbəti mərhələdə məlum olacaq.