Bu ilin sonuna kimi Azərbaycanda çoxdan gözlənilən "Rəqəmsal Səyyah Vizası" və "Rəqəmsal İstedad Vizası" proqramları vahid platforma üzərindən tətbiq olunacaq.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu yenilik Prezident İlham Əliyevin təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nda rəsmi olaraq öz əksini tapıb.
Sənədə əsasən, hesabat dövründə aşağıdakı mühüm dəyişikliklər nəzərdə tutulur:
• "Xüsusi Vergi Rejimi"nin müəyyən edilməsi;
• Sosial sığorta və rezidentlik üzrə güzəştlərin tətbiqi;
• Xarici valyuta köçürmələri ilə bağlı tənzimləmələrə yenidən baxılması.
Fəaliyyət Planına görə, xüsusilə innovasiya sahəsi üzrə ölkəyə cəlb edilən mütəxəssislər və onların ailə üzvləri üçün miqrasiya tələblərinin sadələşdirilməsi planlaşdırılır.
Qeyd edək ki, nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.