İsrailli nazirlərdən birinə məxsus rəsmi avtomobil işğal altındakı Qərb Sahilində velosiped sürən fələstinli uşağı vuraraq öldürüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, 16 yaşlı Məhəmməd Məcdi Caberi səhər tezdən velosipedlə məktəbə gedərkən avtomobilin altında qalıb.
Kiryat Arbada yaşayan israilli nazirlərdən birinin mühafizə qrupuna aid avtomobili idarə edən rəsmi sürücü uşağı vurub, o, güclü zərbə nəticəsində həyatını itirib.
Nazirlərin təhlükəsizliyinə cavabdeh olan qurumun rəhbəri Ben-Qvirin ofisi açıqlama verərək bildirib ki, fələstinli uşağın ölümünə səbəb olan avtomobil nazirə məxsus deyil və Ben-Qvir hadisə zamanı avtomobildə olmayıb.
Açıqlamada sürücünün məsuliyyəti inkar edilərək iddia olunub ki, uşaq qırmızı işıqda yola atılıb. Həmçinin bildirilib ki, sürücü qəzanın qarşısını almağa çalışıb və uşaq yaralandıqdan sonra xəstəxanaya aparılıb.
Bunun əksinə olaraq, İsrail mediasına danışan tibb işçiləri uşağın vəziyyətinin ağır olduğunu, edilən bütün müdaxilələrə baxmayaraq xilas edilə bilmədiyini və hadisə yerində öldüyünün təsdiqləndiyini deyiblər.
Hadisə ilə bağlı araşdırma başlanılıb.