ABŞ-nin "Delta Air Lines" aviaşirkəti 25 sərnişin və ekipaj üzvünün xəstəxanaya yerləşdirilməsi ilə nəticələnən şiddətli turbulens hadisəsinə görə məhkəməyə verilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, zərərçəkənlər hadisəni "2,5 dəqiqəlik dəhşət" adlandıraraq şirkətə qarşı iddia qaldırıblar.
Hadisə 30 iyul 2025-ci ildə Solt Leyk Siti Beynəlxalq Hava Limanından Amsterdamın Şiphol Hava Limanına uçan təyyarədə baş verib.
Təyyarə Vayominq ştatı üzərində hərəkətdə olarkən güclü turbulensə məruz qalıb. Təxminən 2,5 dəqiqə davam edən sarsıntılardan sonra təyyarə Minnesota ştatına təcili eniş edib. "Delta Air Lines" enişdən sonra 25 nəfərin müalicə üçün xəstəxanaya çatdırıldığını təsdiqləyib.
Yaralanan sərnişinlərdən 20-si pilotların güclü fırtına zonasına həddindən artıq yaxın uçaraq ehtiyatsız davrandığını iddia edərək aviaşirkəti məhkəməyə verib. İddia ötən həftə Yuta ştatının 3-cü Dairə Məhkəməsində qaldırılıb.
Sərnişinlərin vəkili Keysi DuBose bildirib ki, aviaşirkətin əlində bütün zəruri meteoroloji məlumatlar olsa da, pilotlar təhlükəli hava şəraitindən yayınmaq əvəzinə xəbərdarlıqlara məhəl qoymayıblar. Hüquq firmasının açıqlamasında qeyd olunub ki, turbulens və əlverişsiz hava şəraiti yeni hadisə deyil və bu qəzanın qarşısını almaq mümkün idi.
İddia ərizəsində bildirilir ki, turbulens zamanı təhlükəsizlik kəməri xəbərdarlıq işığı yanmayıb. Nəticədə kəməri bağlanmayan sərnişinlər güclü zərbə ilə təyyarənin tavanına çırpılıb, salonun bəzi hissələri zədələnib. Hadisə zamanı sərnişinlər müxtəlif dərəcəli baş və onurğa xəsarətləri, beyin silkələnməsi, sınıqlar və dərin kəsiklər alıblar.
ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) araşdırması pilotların fırtınaya hazırlıqsız yaxalandığını göstərib. Lakin iddiaçılar bildirirlər ki, ABŞ Milli Hava Xidməti uçuş marşrutu üzrə əvvəlcədən göy gurultulu fırtına barədə xəbərdarlıq etmişdi. Onların sözlərinə görə, pilotlar həm hava proqnozlarını, həm də hava hərəkəti dispetçerlərinin xəbərdarlıqlarını nəzərə almayıblar.
İddiaçılar həmçinin təyyarənin turbulensdən sonra Minnesota ştatına yönləndirilməsini də tənqid ediblər. Onların fikrincə, təyyarə Solt Leyk Siti və ya Denverə endirilməli idi. Minnesota istiqamətinə uçuş isə səfəri əlavə 90 dəqiqə uzadıb.
Sərnişinlər iddia edirlər ki, təyyarənin Minneapolis–Sent-Pol Beynəlxalq Hava Limanına yönləndirilməsi həmin hava limanının Delta Air Lines üçün əsas mərkəzlərdən biri olması ilə bağlıdır və şirkət bununla texniki xidmət və sərnişinlərin yenidən bronlaşdırılması xərclərinə qənaət etməyə çalışıb.
İddiaçılar tələb etdikləri maddi təzminatın məbləğini açıqlamayıblar və işə andlılar məhkəməsində baxılmasını istəyirlər.