“Atletiko Madrid” La Liqanın 14-cü turunda səfərdə “Elçe”ni 3:2 hesabı ilə məğlub edib. Noyabrın 28-də keçirilən görüşdə Madrid təmsilçisi ilk hissədə üç qol vurub.
Qonaqlar Qrimaldonun 5-ci, İnin 7-ci dəqiqədə vurduğu qollarla hesabda önə keçiblər. Neto 26-cı dəqiqədə fərqi azaldıb, Xulian Alvares 41-ci dəqiqədə “Atletiko”nun üçüncü qolunu vurub. Sanqare 48-ci dəqiqədə hesabı 2:3-ə çatdırıb.
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone qarşılaşmadan sonra bildirib ki, komandası yaxşı başlayıb, lakin buraxılan səhv “Elçe”nin oyuna qayıtmasına şərait yaradıb. Onun sözlərinə görə, Alvaresin vurduğu möhtəşəm qoldan sonra Qankonun toxunuşundan yaranan rikoshet rəqibi yenidən mübarizəyə qaytarıb.
Simeone qeyd edib ki, hər iki komandanın hesabı dəyişmək imkanları olub və “Elçe” sona qədər mübarizə aparıb. “Biz əziyyət çəkə biləcəyimizi bilirdik və buna dözdük. Səhvlərə yol verdik, xüsusilə Mark Pubyilin səhvi diqqət çəkdi, amma oyunun nəticəsini təhlükəyə atmamaq üçün imkanlarımız da var idi”, – deyə o bildirib.
Baş məşqçi Alvaresin yenə seçilən oyun göstərdiyini vurğulayıb: “Möhtəşəm qol vurdu. Özünü yaxşı hiss etməsi və bizə verə biləcəklərini verməsi üçün onun qayğısına qalacağıq”. Simeonenin sözlərini Marca yayıb.