Argentina Cənubi Atlantik okeanında yerləşən Folklend adaları yaxınlığında Britaniyanın icazə verdiyi neft layihəsinin dayandırılması üçün Beynəlxalq Dəniz Hüququ Tribunalına müraciət edib. Bu addım arxipelaq üzərində suverenlik mübahisəsini daha da gərginləşdirib.
Buenos-Ayres oktyabrın 13-də Şimali Folklend hövzəsinin kontinental şelfində həyata keçirilməsi planlaşdırılan Britaniya-İsrail dəniz neft layihəsinə qarşı müvəqqəti tədbirlərin görülməsini tələb etdiyini açıqlayıb.
Argentina fəaliyyəti “birtərəfli və qanunsuz” adlandırıb. Xarici işlər naziri Pablo Quirno bildirib ki, müraciətin məqsədi “Sea Lion” yatağında işlərin başlanmasının və ya davam etdirilməsinin qarşısını almaqdır.
London layihənin qanuni olduğunu bildirir
Britaniya Xarici İşlər Nazirliyinin parlamentdə çıxış edən naziri Uma Kumaran adalarda qanuni kommersiya fəaliyyətinin davam etdiyini deyib. Onun sözlərinə görə, London tribunal ilə əməkdaşlıq edəcək, lakin proses barədə davamlı şərh verməyəcək.
Kumaran qeyd edib ki, müraciət beynəlxalq məhkəmənin qərarı sayılmır və Folklend adaları hökumətinin verdiyi lisenziyaları etibarsız etmir. Britaniya, həmçinin şirkətləri Argentina qanunlarına əməl etməyə məcbur etmək cəhdlərindən qorumaq üçün hüquqi tədbirlər elan edib.
“Sea Lion” yatağı Folklend adalarından təxminən 220 kilometr şimalda yerləşir. Layihədə İsrailin “Navitas Petroleum” şirkətinin payı 65 faiz, Britaniyanın “Rockhopper Exploration” şirkətinin payı isə 35 faizdir. Yataqdan ilk neftin 2028-ci ildə çıxarılması gözlənilir.
Argentina Prezidenti Xavyer Milei sentyabrın 28-də BMT-nin Dəniz Hüququ üzrə Konvensiyasına əsasən Britaniyaya qarşı arbitraj prosesinə başlanması barədə göstəriş verib və Londona cavab üçün iki həftə vaxt tanıyıb. Arbitraj yaradılarkən tribunal müvəqqəti tədbirlər təyin edə bilər, lakin bunun üçün işə baxmaq üçün yetərli əsasın və təcili müdaxilə zərurətinin olduğu qənaətinə gəlməlidir. Belə tədbirlər suverenlik mübahisəsini həll etməyəcək.
Sentyabrda Milei hökuməti Argentina icazəsi olmadan adalarda fəaliyyət göstərən şirkətlərə qarşı cəzaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsi də təqdim edib. Layihə hələ Konqres tərəfindən təsdiqlənməyib.
Folklend adaları ilə bağlı mübahisənin tarixi
Britaniya 1833-cü ildən Argentinada Malvin adaları adlandırılan arxipelaq üzərində nəzarəti saxlayır. Argentina bildirir ki, ölkənin cənubundakı Pataqoniya sahillərindən 480 kilometr şərqdə yerləşən adalar XIX əsrdə ondan qanunsuz şəkildə alınıb.
1982-ci ildə Argentina adalara qoşun yeridib və 74 gün davam edən müharibə başlayıb. Müharibədə təxminən 650 argentinalı və 255 britaniyalı həlak olub. 2013-cü il referendumunda adalılar 92 faizlik iştirakla 1 513 səsə qarşı 3 səslə Britaniyanın dənizaşırı ərazisi olaraq qalmağı seçiblər. London adalılar istəmədikcə suverenlik məsələsini müzakirə etməyəcəyini bildirib.