Avropa Komissiyası Ukraynanın təcili hərbi təminat və müdafiə ehtiyaclarının qarşılanması məqsədilə növbəti iri həcmli maliyyə paketinin ayrılması barədə rəsmi bəyanat yayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bəyanata əsasən, ümumi həcmi 90 milyard avro təşkil edən Ukraynaya Dəstək Kreditinin (Ukraine Support Loan) müdafiə komponenti çərçivəsində rəsmi Kiyevə 2,86 milyard avro məbləğində növbəti tranş ayrılıb.
Ayrılan maliyyə resursları Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması üçün müxtəlif tipli pilotsuz uçuş aparatları (PUA), hava hücumundan müdafiə (HHM) sistemləri, raketlər, radar stansiyaları, radioelektron mübarizə (REM) kompleksləri və müxtəlif çaplı sursatların təcili satınalınmasına yönəldiləcək. Avropa Komissiyasının dəyərləndirməsinə görə, müdafiə təyinatlı avadanlıqların operativ şəkildə çatdırılması Ukrayna ordusunun mülki əhalini və kritik infrastrukturu hava zərbələrindən qorumaq imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək.
Xatırladaq ki, 2026–2027-ci illəri əhatə edən çoxtərəfli Ukrayna kredit proqramının təxminən 60 milyard avrosu birbaşa hərbi-müdafiə ehtiyaclarına, 30 milyard avrosu isə makroşəraitin sabitləşdirilməsi və büdcə dəstəyinə ayrılıb.
Cari il ərzində Ukraynanın müdafiə sənayesi potensialının və hərbi təchizatının dəstəklənməsi məqsədilə Avropa strukturları tərəfindən ümumilikdə 28,3 milyard avro ödənişin həyata keçirilməsi planlaşdırılır. Müdafiə paketi üzrə növbəti maliyyə köçürmələrinin önümüzdəki həftələrdə də davam edəcəyi bildirilir.
Məlumatda, həmçinin Avropa İttifaqı (Aİ) və ona üzv dövlətlər tərəfindən 2022-ci ildən bəri Ukraynaya göstərilən hərbi, humanitar və maliyyə dəstəyinin ümumi həcminin 231,5 milyard avroya çatdığı qeyd olunur.