İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) İrana qarşı HIMARS raket sistemlərinin yerləşdirilməsini təsdiqlədiyinə görə “təşəkkür” edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Əraqçi sosial şəbəkədəki paylaşımında CENTCOM-un qonşu ölkələrin ərazisindən istifadə edərək İrana qarşı HIMARS çoxsaylı buraxılışlı raket sistemləri yerləşdirdiyini etiraf etdiyini bildirib.
O qeyd edib ki, həmin sistemlər İran silahlı qüvvələri üçün legitim hədəfə çevriləcək.
“CENTCOM, qonşularımızın ərazisindən istifadə edərək əhalimizə qarşı, o cümlədən, görünür, duzsuzlaşdırma zavoduna qarşı HIMARS sistemləri yerləşdirdiyinizi etiraf etdiyiniz üçün təşəkkür edirəm”, – deyə iranlı nazir yazıb.
Əraqçi əlavə edib ki, İran bu sistemləri raket zərbələri ilə məhv edərsə, “heç kim şikayət etməməlidir”.
Qeyd edək ki, CENTCOM daha əvvəl ABŞ-yə məxsus HIMARS sistemlərinin İran ərazisinin dərinliklərinə zərbələr endirmək üçün istifadə edildiyini açıqlamışdı.