NATO-nun Hərbi komitəsinin rəhbəri admiral Rob Bauer Alyansın Rusiya ilə birbaşa qarşıdurmaya hazır olduğunu açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə admiral Portuqaliyanın RTP teleradio şirkətinə müsahibəsində deyib.
“Rob Bauer Alyansın prioritetinin yenidən silahlanma olduğunu etiraf edərək NATO-nun Rusiya ilə birbaşa qarşıdurmaya hazır olduğunu əmin edib. O həm də etiraf edib ki, təşkilat hərbi təşəbbüsdə monopoliyasını itirib”, - RTP bildirib.
O xatırladıb ki, ötən il İspaniyanın paytaxtı Madriddəki sammit zamanı Alyans Rusiyanın hərəkətlərinə cavab olaraq Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyada əlavə dörd çoxmillətli döyüş qrupu yaratmaq qərarına gəlib:
“Bu, Rusiyaya vacib siqnaldır... Əgər onların NATO-nun üzərinə gəlmək düşüncəsi varsa, biz hazırıq. Bu, qırmızı xətdir. Əgər hər hansı qırmızı xətt varsa, bu bizim ərazimizin sərhədini rusiyalıların keçməsidir”.
Admiral NATO ölkələrinin mülki sənaye istehsalının yenidən hərbi sferaya yönəldilməli olduğu fikrini bildirib. O, “sülh dövründə hərbi iqtisadiyyat”ın tərəfdarıdır.
Bauer həmçinin hesab edir ki, Moskva keçmiş Sovet İttifaqının ölçüsünü bərpa etməyə çalışarkən Rusiyanın strateji məqsədləri Ukraynadan kənara çıxır.
NATO-nun müharibənin eskalasiyasından qorxması ilə bağlı suala Bauer cavab verib ki, eskalasiya təcavüzün başlanğıcı olub. Onun sözlərinə görə, Ukrayna ona məxsus olanı geri qazanmaq istəyəndə bu, eskalasiya deyil:
“Əgər onlar (Rusiya – red.) bu gün müharibəni dayandırsalar, daha eskalasiya olmayacaq”, - o vurğulayıb.
Xatırladaq ki, yanvarın 19-da Rob Bauer Rusiya Ukraynada məğlubiyyətə uğrasa belə, NATO üçün təhdid olaraq qalacağını söyləyib.