Almaniya kansleri Fridrix Merts ölkədə davam edən etirazlar fonunda Avropa İttifaqının (Aİ) İrana qarşı yeni sanksiyalar paketi üzərində işlədiyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir kiŞ Kansler bu barədə “X” sosial şəbəkəsində paylaşım edərək İran rəhbərliyini əhaliyə qarşı zorakılığa yol verməməyə çağırıb.
“Biz İran rəhbərliyini öz xalqını təhdid etməməyə, əksinə onu qorumağa çağırırıq. Zorakılıq dərhal dayandırılmalıdır”, – deyə Merts bildirib.
O əlavə edib ki, bu mövqeni vurğulamaq üçün Aİ çərçivəsində yeni sanksiyalar hazırlanır.
Xatırladaq ki, dekabrın 29-da İran rialının kəskin ucuzlaşmasından sonra Tehranda tacirlərin etiraz aksiyaları başlayıb. Bir gün sonra tələbələr də etirazlara qoşulub və iğtişaşlar ölkənin bir çox iri şəhərlərinə yayılıb. İran hakimiyyətinin məlumatına görə, hadisələr zamanı 38 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, yanvarın 8-dən etibarən nümayişlərə silahlı terrorçular da qoşulub. Rəsmi Tehran iğtişaşların arxasında ABŞ və İsrailin dayandığını iddia edir.