AnewZ-in məlumatına görə, ABŞ ordusu çərşənbə günü Ayova ştatında qurğuşun əsaslı partlayıcıların köhnə ehtiyatını nəzarətli şəkildə partladıb. Əməliyyat zəhərli qurğuşun tozunun yayıla biləcəyi ilə bağlı ictimai narahatlıq və bir neçə gün davam edən hüquqi mübahisələrdən sonra keçirilib.
Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) Middletaundakı Ayova Ordu Sursat Zavodunda baş verən partlayışdan sonra yaxın bölgədə havada qurğuşunun dərhal aşkarlanmadığını bildirib.
Federal Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (FEMA) evakuasiya olunmayan və partlayış yerindən 32 kilometr məsafədə yaşayan sakinlərə rəsmilər təhlükənin aradan qalxdığını bildirənədək qapalı məkanda qalmağı tövsiyə edib.
Ordu naziri Aaron Telle əməliyyatı uğurlu adlandırıb və gözlənilməz partlayış təhlükəsinin aradan qaldırıldığını deyib.
Mümkün qurğuşun çirklənməsi ilə bağlı narahatlıq
Sakinlər partlayışın zəhərli qurğuşun hissəciklərini yaşayış məntəqələrinə, əkin sahələrinə və mal-qara fermalarına yaya biləcəyindən narahat olublar.
Ordunun ilkin hesablamalarına görə, qurğuşun tozu partlayış yerindən 64 kilometrədək məsafədə səthlərə çökə, havada olan hissəciklər isə xeyli uzağa yayıla bilərdi. Kənd təsərrüfatı rəsmiləri təxminən 350 fermanın təsirə məruz qala biləcəyini hesablayıblar.
Zəhərli hissəciklərin yayılmasını azaltmaq üçün bir sıra məhdudlaşdırıcı tədbirlər görülüb. Lakin partlayışdan sonrakı ilk saatlarda bu tədbirlərin nə dərəcədə səmərəli olduğu aydın olmayıb.
EPA sonrakı ekoloji yoxlamalar üçün ilkin göstəriciləri müəyyənləşdirmək məqsədilə partlayışdan əvvəl hava, torpaq və sudan 1 200-dən çox nümunə götürüb.
Partlayış qərarının səbəbi
Əməliyyatın məqsədi illərlə saxlanıldıqdan sonra getdikcə qeyri-sabitləşən, qurğuşun əsaslı, təxminən 4,5 ton partlayıcı maddəni zərərsizləşdirmək olub. Ordu istifadə olunmayan ehtiyatları 2009-cu ildə ölkə üzrə hərbi bazalardan Ayovaya gətirmişdi.
Mart ayında aparılan yoxlama materialların ciddi dərəcədə yararsızlaşdığını üzə çıxarıb və onların təhlükəsiz şəkildə necə zərərsizləşdirilməsi ilə bağlı müzakirələrə səbəb olub.
Federal ekspertlər nəzarətli partlayışı mövcud variantlar arasında ən təhlükəsiz üsul hesab ediblər. Onlar ehtiyatı olduğu kimi saxlamağın və ya başqa yerə köçürməyə çalışmağın idarəolunmaz partlayışa səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Havadakı qurğuşunla bağlı ilkin monitorinq nəticələri ümidverici olsa da, əməliyyatın ətraf yaşayış məntəqələrində çirklənməyə səbəb olub-olmadığını müəyyən etmək üçün əlavə ekoloji yoxlamalar tələb olunur.