ABŞ-nin Kanada məhsullarına tətbiq etdiyi idxal qadağası qüvvəyə minib. Ağ Ev tərəfindən yayımlanan qərara görə, məhdudiyyət Kanada mənşəli alkoqollu içkilər, bəkməz, motosikletlər, zərdab və onun törəmələrini əhatə edir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
"Scotiabank Kapital Bazarları İqtisadiyyatı"nın rəhbəri Derek Holtun təhlilinə əsasən, Kanada ABŞ-yə az miqdarda süd məhsulları və motosiklet ixrac etdiyindən bu sahələr üzrə qadağanın təsiri məhdud olacaq.
Ötən il ABŞ-yə 1,2 milyard dollar dəyərində ixrac olunan alkoqollu içkilər isə digər kateqoriyalarla müqayisədə daha böyük paya malikdir. Holt hesab edir ki, ABŞ administrasiyasının bu addımları texniki məzmandan çox, nüfuz amili ilə bağlıdır.
Bəzi pendir məhsulları tamamilə qadağan edilməyib, lakin onlar 50 faizlik gömrük rüsumuna cəlb olunan mallar siyahısına əlavə edilib. Kağız, alüminium, taxta, mebel və işıqlandırma məhsulları da həmin siyahıya daxil edilib.
Beynəlxalq ticarət hüquqşünası Barri Apleton bildirib ki, bu strategiya uzun müddətdir davam edən gərginlikdən sonra Kanadanın mövqeyini sınaqdan keçirmək məqsədi daşıyır. ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi isə məhdudiyyətlərin vergi siyasətinə cavab verməyi planlaşdıran digər ölkələrə xəbərdarlıq xarakteri daşıdığını deyib.
ABŞ Prezidenti Donald Tramp Oval kabinetdə jurnalistlərə açıqlamasında Kanada ilə ticarət razılaşmasının hələ də mümkün olduğunu bildirib. O, Kanadanın gömrük rüsumlarının ləğvi tələbi ilə danışıqlara gələcəyini və ədalətli razılaşmanın əldə olunacağını deyib.
ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir yeni saziş üzrə danışıqlara tələsmədiklərini və mövcud vəziyyətdən məmnun olduqlarını açıqlayıb. Kanada-ABŞ ticarət naziri Dominik LeBlan isə ölkəsinin razılaşmaya hazır olduğunu, lakin zəng gözləmədiyini bildirib.
İki ölkə arasındakı ticarət mübahisəsi Donald Trampın ABŞ Prezidenti vəzifəsinə başlamasından sonra davam edir. Avqust ayında yeni razılaşma üzrə danışıqların son anda nəticəsiz qalması münasibətləri daha da gərginləşdirib.
Razılaşma əldə olunmadıqdan sonra ABŞ avqust ayında təxminən 28 milyard dollar dəyərində Kanada mallarına 50 faizlik gömrük rüsumu tətbiq edib. Kanada isə eyni nisbətdə cavab rüsumları ilə qarşılıq verib.
Bu tədbirlər ABŞ-nin Kanada poladı, alüminiumu, avtomobil və taxta məhsullarına tətbiq etdiyi mövcud rüsumlara əlavə olunub.