ABŞ-ın CNN telekanalının adı açıqlanmayan yüksəkvəzifəli Pentaqon və xüsusi xidmət orqanları rəsmilərinə istinadən yaydığı iddiaya görə, Birləşmiş Ştatlar rəhbərliyi İrana qarşı müharibə ssenariləri çərçivəsində “Bütün bombaların anası” kimi tanınan GBU-43/B (MOAB) super-ağır aviabombasından tətbiq olunmasını nəzərdən keçirir. Qeyd olunur ki, sabiq Prezident Donald Tramp aralıq seçkilər ərəfəsində və ya sonrakı mərhələdə hərbi əməliyyatların bərpasına yaşıl işıq yandıracağı təqdirdə bu silah arsenalı işə salına bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ABŞ ordusunun arsenalındakı ən böyük qeyri-nüvə zərbə vasitəsi sayılan MOAB-ın İrana qarşı ilk dəfə tətbiqi ehtimalı Yaxın Şərqdəki geostrateji gərginliyi nəzarətdən çıxarmaq riski daşıyır. Bununla yanaşı, hərbi ekspertlər sözügedən bombanın Trampın elan etdiyi strateji hədəflərə çatmasında nə dərəcədə effektiv olacağı ilə bağlı ciddi şübhələrini ifadə edirlər.
Telekanalın mənbələrinə görə, Tramp hərbi komandanlığa İranın həyati əhəmiyyətli enerji infrastrukturu və nüvə obyektlərinə - o cümlədən Kazma dağı ərazisindəki strateji məntəqələrə qarşı zərbə planlarının yenilənməsi barədə təlimat verib. MOAB-ın tətbiqi də məhz bu intensiv hava əməliyyatları çərçivəsində dəyərləndirilir.
Hərbi-texniki göstəricilərə əsasən, GBU-43/B quru səthində geniş ərazini darmadağın etmək və psixoloji təzyiq yaratmaq baxımından yüksək dağıdıcı gücə malik olsa da, yerin dərinliyində yerləşən fortifikasiya qurğularını və bunkerləri məhv etmək üçün nəzərdə tutulmayıb. Bombanın kütləvi partlayış radiusu və dalğası mülki əhali arasında böyük itkilərə yol aça biləcəyi üçün beynəlxalq müstəvidə ciddi narahatlıq doğurur.
CNN-in təhlilində vurğulanır ki, Vaşinqton bu imkanı daha çox Tehranı geri addım atmağa məcbur edəcək çəkindirici və psixoloji təsir silahı kimi gündəmdə saxlaya bilər.