Taylandın baş naziri Anutin Çanvirakun iki ölkə arasındakı sərhəddə gərginləşmiş vəziyyətin həlli ilə bağlı Kamboca ilə danışıqlar aparmaq imkanını istisna edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
“Kamboca Taylandın suverenliyini təhdid etməməlidir. Bu andan etibarən heç bir danışıqlar olmayacaq. Əgər biz döyüşlərin dayandırılmasını istəyiriksə, Kamboca Tayland tərəfindən müəyyən edilmiş kursa əməl etməlidir”, – o qeyd edib.
Tayland Krallığının ordusu əvvəlcə məlumat verib ki, sərhəddə Kamboca ilə qarşıdurmalar nəticəsində bir tayland hərbçisi həlak olub, daha dördü yaralanıb. Ordunun məlumatına görə, Kamboca qüvvələri yerli vaxtla saat 05:00-dan Tayland mövqelərini atəşə tutub. Tayland Hərbi Hava Qüvvələri bazar ertəsi Kamboca Silahlı Qüvvələrinin mövqelərinə hücum edib. Yayılmış məlumatda vurğulanır ki, zərbələr hərbi infrastruktur, silah anbarları, komanda məntəqələri və logistika yollarına endirilib.
Tayland Quru Qoşunlarının ikinci hərbi dairəsi də məlumat verib ki, Kamboca BM-21 reaktiv yaylım atəş sistemlərindən istifadə edərək Tayland ərazilərini atəşə tutub. Bu atəş nəticəsində xəsarət alan və ya həlak olanlar barədə məlumat verilmir.