Ukrayna Prezidenti Volodimir Zelenski Polşanın Qdansk şəhərində keçiriləcək Ukraynanın Bərpası Konfransında (URC-2026) iştirak etməyəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, rəsmi məlumatlara əsasən, Ukrayna lideri tədbirə qatılmamaq qərarı verib. Konfransda Ukrayna nümayəndə heyətinə ölkənin Baş naziri Yuliya Sviridenko rəhbərlik edəcək.
Məlumata görə, Yuliya Sviridenko sosial media hesabında yaydığı açıqlamada Qdanskda keçiriləcək tədbirdə Ukrayna nümayəndə heyətinin fəaliyyətinə rəhbərlik edəcəyini bildirib. O qeyd edib ki, Ukrayna tərəfdaşları ilə əməkdaşlığı qarşılıqlı hörmət prinsipi əsasında qurmağa davam edir.
Bildirilib ki, Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Georgi Tixi bu qərarın siyasi gərginliyin və mümkün qalmaqalların qarşısının alınmasına xidmət etdiyini açıqlayıb.
Qeyd olunub ki, Kiyev və Varşava arasında münasibətlərin gərginləşməsinə səbəb olan hadisələr may ayının sonlarında başlayıb. Məlumata əsasən, Volodimir Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə Ukrayna Üsyançı Ordusunun (UPA) adının verilməsi ilə bağlı qərarı Polşada etirazla qarşılanıb.
Bildirilib ki, bundan sonra Polşa Prezidenti Karol Navrotski Zelenskini ölkənin ali dövlət mükafatı hesab olunan “Ağ Qartal” ordenindən məhrum edib. Həmin qərarın ardınca bir sıra ukraynalı siyasətçilər etiraz əlaməti olaraq Polşa dövlət mükafatlarından imtina etdiklərini bəyan ediblər.
Məlumata görə, Qdanskda keçiriləcək konfransda Polşa tərəfini prezident deyil, Baş nazir Donald Tusk təmsil edəcək.