Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qüvvələrinin gecə saatlarında ölkənin bir sıra bölgələrinə dron və ballistik raketlərlə kompleks hücumlar həyata keçirdiyini bildirib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Zelenski sosial media hesabında paylaşdığı məlumatda hücumların əsas hədəfləri arasında kritik infrastruktur obyektləri və yaşayış məntəqələrinin olduğunu qeyd edib.
Zelenskinin sözlərinə görə, Poltava, Sumı və Xerson vilayətlərində mühüm infrastruktur obyektləri zərər görüb.
Xarkov vilayətində yaşayış binalarının hədəfə alındığı, Kramatorsk şəhərində isə idarəolunan aviasiya bombasının çoxmərtəbəli binaya düşdüyü bildirilib.
Hücumlar nəticəsində müxtəlif bölgələrdə xəsarət alanların olduğu qeyd edilib:
- Zaporojye: 3 nəfər yaralanıb.
- Krivoy Roq: 2 nəfər xəsarət alıb.
- Odessa: Yaşayış binasına ziyan dəyib.
- Kiyev vilayəti: Çubinskoyedə dron hücumundan sonra müəssisələrdə yanğın baş verib.
Ukrayna Prezidenti Rusiyanın müharibənin miqyasını genişləndirməyə çalışdığını bildirib və ölkənin hava hücumundan müdafiə imkanlarının gücləndirilməsinin vacibliyini vurğulayıb.
Zelenskinin sözlərinə görə, Avropadakı müttəfiqlər bu həftə Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi ilə bağlı mühüm qərarlar qəbul ediblər.
O, dəstəyin əlavə ballistik raketdən müdafiə paketləri ilə tamamlanmasının vacibliyini qeyd edib.
“Səmamızı qoruyan hər bir vasitə hər gün ukraynalıların həyatını xilas edir. Rusiyanın müharibəni davam etdirmək əzmini qırmaq üçün onların istifadə etdiyi raketləri effektiv şəkildə zərərsizləşdirməliyik”, - deyə Zelenski bildirib.