Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Moskvada Putinlə görüş mümkün deyil: “Mən onu Kiyevə dəvət edə bilərəm; gəlsin,” – deyə o vurğulayıb.
Bəs Zelenskinin Moskvada deyil, Putini Kiyevə dəvət etməsi diplomatik baxımdan nə dərəcədə realdır və bu, danışıqlar prosesinə necə təsir edə bilər?
Mövzu ilə bağlı fikirlərini "Operativ Məlumat Mərkəzi-OMM" ilə bölüşən politoloq Zeynal Əmrəliyev bildirib ki, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında mümkün görüş yalnız rəmzi xarakter daşıyır.

Onun sözlərinə görə, bir müddət əvvəl Putin Zelenskini Moskvaya dəvət etmişdi və Moskvada onunla görüşə biləcəyini bildirmişdi. Lakin bu, ritorik təklifdir, çünki hər iki tərəf bilir ki, bu görüş reallaşmayacaq. Zelenski də Putinə eyni cavabı verib: "əgər görüşmək istəyirsə, Kiyevə gəlsin”.
Politoloq qeyd edib ki, Trampın açıqlamalarına baxmayaraq, tərəflər arasında hələ ki real razılaşma yoxdur və gərginlik davam edir.

O,vurğulayıb ki, Rusiya tərəfi Ukraynadan Donbass bölgəsini tərk etməsini tələb edir, əks halda yeni zərbələr endirəcəyini bildirir. Ukrayna isə heç bir halda ərazi bütövlüyünü pozmayacağını açıq şəkildə bəyan edib:
“Ukrayna öz hüquqi cəhətdən beynəlxalq birliyin tanıdığı ərazilərini tərk etməyəcək. Bu, əlbəttə ki, yolverilməzdir”.
“Amerika Birləşmiş Ştatları, xüsusilə Donald Tramp, müharibəni dayandırmaq üçün səylər göstərir. Trampın məqsədi münaqişəni bitirərək diqqəti İran istiqamətinə yönəltməkdir. Bununla yanaşı, Ukraynanın mineral ehtiyatlarının istismarının ABŞ tərəfindən razılaşdırılması və Rusiya-Çin münasibətləri də bu prosesdə rol oynayır”, - deyə politoloq əlavə edib.
Zeynal Əmirov bildirib ki, indiki halda atəşkəs müqaviləsi ilə müharibəni dayandırmaq mümkün deyil:
“Ukrayna mövcud sərhəd və təmas xətti ilə atəşkəsə razıdır, lakin Rusiya Donbasın tərk edilməsini tələb edir. Bu baş vermədən sülh danışıqlarına başlamaq mümkün deyil. Buna görə də müharibənin bir müddət davam edəcəyi gözlənilir.”