Ukrayna Prezidenti Volodimir Zelenski təhlükəsizlik sektorunda yeni kadr təyinatları edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, dövlət başçısı keçirdiyi brifinqdə Rustem Umerovun Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin olunduğunu açıqlayıb.
Məlumata görə, Umerovun əvvəlki vəzifəsi olan Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi postuna isə daxili işlər naziri İqor Klimenko gətirilib.
Volodimir Zelenski bildirib ki, İqor Klimenkonun Daxili İşlər Nazirliyində qazandığı təcrübə MTMŞ-nin fəaliyyətinin gücləndirilməsinə töhfə verəcək. Prezidentin sözlərinə görə, yeni rəhbərliyin əsas vəzifələri müdafiə qurumları arasında koordinasiyanın yaxşılaşdırılması, Rusiya tərəfindən həyata keçirilən kiberhücumlara qarşı mübarizənin gücləndirilməsi və cinayətkar şəbəkələrə qarşı fəaliyyətin daha da effektiv təşkili olacaq.
Qeyd edək ki, Rustem Umerov daha əvvəl Ukraynanın danışıqlar qrupuna rəhbərlik edib. Onun adı müdafiə naziri olduğu dövrdə bəzi satınalma prosesləri, o cümlədən keyfiyyətsiz zirehli jiletlərin alınması ilə bağlı irəli sürülən iddialarda da hallanıb.