Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin baş prokuroru Ruslan Kravçenkonun dərhal istefa verməli olduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
"Bu baş prokurorun yalnız bir çıxış yolu var, istefa vermək. Mən ona bunu dedim. Ukrayna bunun üçün bütün əsasları görüb. O bunu siyasi təzyiq hesab edirsə, belə adlandıra bilər. Parlamentariləri bu vəzifədən azad etməni dərhal dəstəkləməyə çağırıram", - Zelenski qeyd edib.
Zelenskinin açıqlaması Kravçenkonun bu gün səhər siyasi təzyiqlə üzləşdiyini bildirməsindən sonra səslənib.
Ukrayna baş prokurorunun səlahiyyətlərini icra edən Ruslan Kravçenko sentyabrın 7-də istefa ərizəsi təqdim edib. Lakin onun istefası hələ təsdiqlənməyib. Zelenski Kravçenkonun vəzifədən azad edilməsi ilə bağlı təklifi Ali Radaya təqdim etməlidir. Sənəd daha sonra müvafiq komitədə təsdiqlənməli və deputatların səsverməsinə çıxarılmalıdır. Hazırda təklif parlamentdə qeydiyyata alınmayıb.
Kravçenkonun istefası Ukraynada növbəti böyük korrupsiya qalmaqalının fonunda baş verib. O, Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) əməliyyatının başlamasından üç gün sonra istefa ərizəsi təqdim edib. Əməliyyat zamanı istintaqın məlumatına görə, dələduzluq məqsədilə fəaliyyət göstərən çağrı mərkəzlərinin işini dəstəkləyən cinayətkar qrup müəyyən edilib.
Kravçenko sentyabrın 6-da bu sxemlərdə iştirakını təkzib edib. Onun sözlərinə görə, şübhəli əməkdaş vəzifəsindən azad edilib və müvafiq strukturun fəaliyyətinin yoxlanılması barədə göstəriş verilib.
Kravçenko hazırda xaricdə ezamiyyətdə olduğunu bildirib. O, səfər çərçivəsində beynəlxalq tərəfdaşlarla görüşərək Ukraynanın antikorrupsiya qurumlarındakı vəziyyət, həmin strukturların təsir imkanlarının nəzarətsiz şəkildə cəmləşməsi və bunun dövlət suverenliyi üçün yaratdığı risklər barədə məlumat verməyi planlaşdırır.