Yüz gündür davam edən İsrail-HƏMAS qarşıdurması fonunda Qəzzanın mərkəzində və cənubunda münaqişələr davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin səhiyyə nazirliyi, son sutka ərzində ən azı 130 nəfərin öldürüldüyünü açıqlayıb.
Beləliklə, 7 oktyabrdan bu yana davam edən müharibə ərzində öldürülən fələstinlilərin sayı 24 mini ötüb. 60 mindən çox insanın gedən döyüşlər zamanı yaralandığı bildirilir. 10 minə yaxın insan isə itkin düşüb.
İsrail hərbçiləri 100 gün ərzində HƏMASın 19 tabor komandiri də daxil olmaqla, 9 mindən çox silahlısının öldürüldüyünü, 30 minə yaxın hərbi hədəfə zərbə endirildiyini açıqlayıb.
Hərbi kəşfiyyat Qəzza zolağında terror fəaliyyətində əli olmaqda şübhəli bilinən 2,3 minə yaxın fələstinlini dindirib, onlardan bəziləri həbs edilərək növbəti dindirilmə üçün İsrailə aparılıb.
Hərbçilər həmçinin Qəzza zolağına humanitar yardım aparan 7 653 yük maşınının İsrailin nəzarətindən keçdiyini və təxminən 138 min ton yükü Fələstin anklavına çatdırdığını bildirib.
Oktyabrın 7-dən İordan çayının qərb sahilində axtarışda olan 2,6 mindən çox fələstinli, o cümlədən 1,3 min nəfərdən çox HƏMAS tərəfdarı saxlanılıb. Hesabatda İordan çayının qərb sahilində 100 gün ərzində ən azı 40 irimiqyaslı reyd keçirildiyi, xüsusilə də terrorda ittiham olunan 14 fələstinlinin evinin söküldüyü bildirilir.