Zəfər yolunun Xocalı rayonu, Baharlı kəndi ərazisindən keçən hissəsində yolların buz bağlaması səbəbindən vətəndaşlar avtomobillərdə köməksiz vəziyyətdə qalıblar.
Fövqəladə Hallar Nazirliyindən (FHN) “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata görə, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa Şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən kənara sürüşərək hərəkətini davam etdirə bilməyən "MERCEDES" markalı minik avtomobilində olan vətəndaşlar xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə təhlükəsiz əraziyə təxliyə edilib.
Bundan başqa, yolun buz bağlaması səbəbindən hərəkətini davam etdirə bilməyən "CHEVROLET" markalı minik avtomobilinin hərəkəti təmin edilib.