ABŞ administrasiyası Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə keçirilən danışıqların ilk gününü məhsuldar hesab edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “NBC News” telekanalı Ağ Evin adı açıqlanmayan rəsmisinə istinadən məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, üçtərəfli görüş konstruktiv mühitdə keçib:
"Birləşmiş Ştatlar, Ukrayna və Rusiya arasındakı bugünkü görüş səmərəli olub. Danışıqlar sabah da davam etdiriləcək".
Xatırladaq ki, yanvarın 22-də Kremldə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ liderinin xüsusi elçisi Stiven Uitkoff və iş adamı Cared Kuşner arasında görüş baş tutub. Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov həmin söhbətin olduqca məzmunlu və etibarlı şəraitdə keçdiyini qeyd edib. Təxminən dörd saat davam edən müzakirələrin əsas mövzusu Ukrayna münaqişəsinin nizamlanması olub.
Moskva və Vaşinqton yanvarın 23-də Əbu-Dabidə təhlükəsizlik məsələləri üzrə Rusiya-ABŞ-Ukrayna üçtərəfli işçi qrupunun ilk iclasının keçirilməsi barədə razılığa gəliblər. Məsləhətləşmələrin ilkin nəticələri barədə tərəflərin öz paytaxtlarına məruzə edəcəyi və dialoqun növbəti gün davam edəcəyi gözlənilir.