Alman avtomobil istehsalçısı "Volkswagen" ABŞ-də kamera problemi səbəbilə 356 mindən çox avtomobili geri çağırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
ABŞ Milli Avtomobil Yolları Trafik Təhlükəsizliyi İdarəsinin (NHTSA) açıqlamasında geri çağırmanın 2019–2026-cı illər arasında istehsal olunan bəzi modelləri əhatə etdiyi bildirilib.
Açıqlamada arxa görüntü kamerasından görüntü alınmaması probleminin aşkar edildiyi və bu səbəbdən geri çağırmanın həyata keçirildiyi qeyd olunub.
Kamera probleminin sürücünün görmə sahəsini məhdudlaşdıraraq qəza riskini artıra biləcəyi vurğulanıb.
Bildirilib ki, proqram təminatındakı bir nasazlıq arxa görüntü kamerasının lazımi şəkildə işləməsinə mane ola bilər: “Bu səbəbdən bu avtomobillər Federal Avtomobil Təhlükəsizliyi Standartı 111 — Arxa görüntü tələblərinə uyğun deyil”.
Açıqlamaya görə, geri çağırmadan 356 min 649 avtomobilin təsirlənə biləcəyi ehtimal olunur.
Bildirilib ki, dilerlər sürücüyə dəstək proqram təminatını pulsuz şəkildə yeniləyəcək, geri çağırmadan təsirlənən avtomobil sahibləri isə 17 fevral 2026-cı ilədək məktubla məlumatlandırılacaq.
Digər tərəfdən, "Volkswagen Group" ötən il "Volkswagen" markasının ABŞ-dəkı satışlarında əhəmiyyətli azalma yaşandığını açıqlayıb.
"Volkswagen Group" ABŞ tərəfindən verilən məlumata görə, şirkətin bu ölkədəki satışları ötən il 13 faiz azalaraq 329 min 813 ədədə düşüb.