Fransada iyulun sonundan başlayan güclü isti hava dalğası ölkədə yeni temperatur rekordlarının qeydə alınmasına səbəb olub.
“Meteo-France”ın məlumatına görə, iyulun 28-dən başlayan və 22 gün davam edən istilər 1983-cü ildə qeydə alınan 23 günlük rekorddan sonra ölkə tarixində ən uzunmüddətli istilik dövrlərindən biri olub.
İsti hava dalğasının ən yüksək həddi 29 iyul, 12 avqust və 14 avqust tarixlərində müşahidə edilib. Bu günlərdə ölkənin müxtəlif bölgələrində temperaturun rekord səviyyələrə çatdığı bildirilib.
Fransa bu il 1990-cı ildən bəri ən isti iyul ayını yaşayıb. Məlumata görə, iyul ayında ölkə üzrə orta temperatur 24,9 dərəcə təşkil edib.
Eyni zamanda, yağıntıların 70 faiz azalması iyulu Fransada tarix üzrə ən quraq üçüncü ay edib.
Yüksək temperatur və yağıntıların kəskin azalması ölkədə quraqlığı daha da dərinləşdirib. Mütəxəssislər bunun meşə yanğınlarının yayılma riskini əhəmiyyətli dərəcədə artırdığı barədə xəbərdarlıq edirlər.
Fransada bu il meşə yanğınlarının miqyası xüsusilə böyük olub. Artıq 117 min hektardan çox ərazinin yanğınlar nəticəsində məhv olduğu bildirilir.