Biz Azərbaycanda bundan öncə də seçkiləri müşahidə etmişik. Artıq beşinci seçkidir ki, biz Azərbaycanda müşahidə edirik. Beynəlxalq səviyyədə isə bizim təşkilatımızın 25-ci seçkini Azərbaycanda müşahidə edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində “exit-poll” keçirən ABŞ-ın “Oracle Advisory Group” təşkilatının təmsilçisi Vlada Qalan deyib.
Onun sözlərinə görə, ümumilikdə 40 seçki idarəsi və 5 seçki məntəqəsini bu prosesdə əhatə ediblər:
"Biz fəxrlə söyləyirik ki, 63 min nəfərdən çox seçicini müşahidə etmək imkanımız olub. Bizim data mərkəzimiz Bakıda yerləşmişdi və 20 data terminalı və 40 işçi bütün məlumatları daxil edərək göndərib. Əvvəlki illərlə müqayisədə bu seçkilərdə iştirakı daha yüksək idi".
Bildirək ki, “exit-poll” üçün üç təşkilat - Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, “Rəy” Monitorinq Mərkəzi və STM akkreditasiyaya alınıb. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası “exit-poll”u ABŞ-nin “Oracle Advisory Group” təşkilatı ilə birgə həyata keçirir.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-nin “Oracle Advisory Group” təşkilatı ilə birgə 40 seçki dairəsində 500 seçki məntəqəsində, Sosioloji Tədqiqatlar Mərkəzi (STM) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində 25 seçki dairəsi üzrə 125 seçki məntəqəsində, “Rəy” Monitorinq Mərkəzi isə 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində “exit-poll” keçirir.
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.