İngiltərənin “Vest Hem Yunayted” klubu İtaliya təmsilçisi “Atalanta”nın yarımmüdafiəçisi Nikola Zalevskinin transferi ilə bağlı ilkin sorğu aparıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya vətəndaşlığına malik olan 24 yaşlı polşalı futbolçu son aylarda göstərdiyi stabil oyunla Avropa klublarının diqqətini üzərinə çəkib.
Noyabrın ortalarından etibarən müntəzəm şəkildə əsas heyətdə yer alan Zalevski, artan performansı fonunda “Napoli” də daxil olmaqla bir neçə klubun maraq dairəsinə düşüb.
O, cari Seriya A mövsümündə 18 oyunda meydana çıxaraq 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Zalevski əvvəlcə “Roma”dan “İnter”ə 6,5 milyon avroya, daha sonra isə 17 milyon avro qarşılığında “Atalanta”ya transfer olunub. “Bergamo” klubu futbolçunu toxunulmaz hesab etməsə də, rəhbərlik yalnız ciddi maliyyə təklifi daxil olacağı təqdirdə satış variantını nəzərdən keçirməyə hazırdır.
Yarımmüdafiəçinin “Atalanta” ilə müqaviləsi 2029-cu ilin iyununa qədərdir. “Transfermarkt” portalına görə, onun hazırkı bazar dəyəri 15 milyon avro təşkil edir.
Qeyd edək ki, 2024-cü ilin sentyabrında “Roma” “Qalatasaray”dan gələn 15 milyon avroluq təklifi qəbul etsə də, futbolçu bu keçidi öz istəyi ilə rədd edib.
Görünən odur ki, Zalevski yay transfer pəncərəsində A Seriyasından Premyer Liqaya keçə biləcək adlardan biridir.