ABŞ-nin vasitəçiliyi ilə Cenevrədə keçirilən Rusiya və Ukrayna nümayəndə heyətləri arasındakı iki günlük danışıqlar yekunlaşıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski müzakirələrin çətin keçdiyini, lakin hərbi müstəvidə müəyyən irəliləyişlərin olduğunu bildirib.
Zelenski nümayəndə heyətinin hesabatından sonra verdiyi açıqlamada danışıqların hərbi və siyasi olmaqla iki istiqamətdə aparıldığını qeyd edib.
O, hərbi müzakirələri konstruktiv adlandıraraq deyib:
“Hərbçilər siyasi iradə olduğu təqdirdə atəşkəsə və hərbi əməliyyatların dayandırılmasına necə nəzarət olunacağını anlayırlar”.
Prezident həmçinin vurğulayıb ki, istənilən monitorinq mexanizmində Amerika tərəfi də iştirak edəcək.
Siyasi məsələlərin daha mürəkkəb olduğunu deyən Ukrayna lideri, tərəflərin mövqelərinin hələ də fərqli olduğunu bildirib.
Zelenski həmçinin "X" platformasında paylaşım edərək Rusiyanı prosesi uzatmaqda ittiham edib. O, ABŞ tərəfinə səbrinə və detallara göstərdiyi diqqətə görə təşəkkür edib.
Rusiyanın baş danışıqçısı, Kreml rəsmisi Vladimir Medinski isə görüşləri "çətin, lakin işgüzar" kimi xarakterizə edərək, danışıqların tezliklə davam etdiriləcəyini bildirib.
Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov isə bəyan edib ki, əsas məqsəd “ədalətli və davamlı sülh” əldə etməkdir.
Qeyd edək ki, bu görüşlər Rusiyanın genişmiqyaslı işğalının dördüncü ildönümü ərəfəsinə təsadüf edir.