Qəzza zolağında atəşkəs rejiminə baxmayaraq hərbi əməliyyatlar davam edir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Qəzza Mülki Müdafiə İdarəsinin yaydığı məlumata əsasən, İsrail ordusu Qəzza şəhərinin cənubunda yerləşən əs-Səlasin küçəsində "əl-Mısri" ailəsinə məxsus evi hədəf alıb.
Məlumata görə, hücum nəticəsində bir fələstinli ana və onun dörd övladı — üç qızı və bir oğlu həyatını itirib. Hadisə yerinə cəlb olunan yanğınsöndürmə və xilasetmə briqadaları binada baş vermiş yanğını söndürərək dağıntılar altından cəsədləri çıxarıblar.
Qeyd edək ki, 10 oktyabr 2025-ci il tarixində qüvvəyə minən atəşkəs rejiminə baxmayaraq, Qəzza zolağında hərbi əməliyyatlar davam edir. 2023-cü ilin oktyabr ayından bəri davam edən münaqişə nəticəsində bölgədə həyatını itirənlərin sayının 73 mini ötdüyü bildirilir. Beynəlxalq ictimaiyyətin çağırışlarına baxmayaraq, mülki əhali arasında itkilər artmaqda davam edir.