Küveyt və Bəhreyndə İran tərəfindən buraxılan raket və pilotsuz uçuş aparatlarının (PUA) qarşısını almaq üçün hava hücumundan müdafiə sistemləri işə salınıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, ABŞ-nin gecə yarısından əvvəl İrana qarşı yeni hücum dalğasına başladığını açıqlamasından sonra Küveyt və Bəhreyndə İranın hücumları ilə bağlı rəsmi məlumatlar yayılıb.
Küveyt ordusunun sosial media hesabında yayımlanan açıqlamada bildirilib ki, İran ölkəni raket və PUA-larla hədəfə alıb.
Məlumata görə, İrandan buraxılan raket və pilotsuz uçuş aparatlarının zərərsizləşdirilməsi məqsədilə hava hücumundan müdafiə sistemləri aktivləşdirilib.
Açıqlamada qeyd olunub ki, ölkədə eşidilən partlayış səsləri hava hücumundan müdafiə sistemlərinin təhlükələrin qarşısını almaq üçün həyata keçirdiyi əməliyyatlarla bağlıdır.
Vətəndaşlara təhlükəsizlik qaydalarına riayət etmələri və səlahiyyətli qurumların göstərişlərinə əməl etmələri tövsiyə olunub.
Bəhreyn Müdafiə Qüvvələri də hava hücumundan müdafiə sistemlərinin İrandan həyata keçirilən bir sıra hava hücumlarının qarşısını aldığını açıqlayıb.
Qeyd edək ki, İran ABŞ-nin hücumlarına cavab olaraq bir həftədən artıqdır ki, Körfəz ölkələrinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirir.