İranın Əlborz əyalətində, Kərəc şəhəri yaxınlığında SEPAH ilə əlaqəli olduğu ehtimal edilən yeni yeraltı obyektin tikintisinə başlanıldığı iddia edilir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Peyk görüntülərini təhlil edən "Soar Atlas" şirkəti ABŞ-nin Vantor şirkətinin əldə etdiyi görüntülərə əsaslanaraq Kərəc yaxınlığında yeni yeraltı kompleksin inşa edildiyini açıqlayıb.
Şirkətin məlumatına görə, tikinti işləri təxminən mayın 21-i başlayıb.
"Soar Atlas" sosial media hesabında paylaşdığı məlumatda obyektin SEPAH-la əlaqəli olduğunu bildirib. Lakin obyektin dəqiq təyinatı və burada hansı fəaliyyətin aparılmasının planlaşdırıldığı barədə məlumat verilməyib.
Hazırda Kərəc yaxınlığında tikildiyi iddia edilən yeni obyektin hərbi, raket və ya başqa məqsədlə istifadə olunacağı barədə müstəqil təsdiqlənmiş məlumat yoxdur.
Qeyd edək ki, İranın strateji hərbi obyektlərini ABŞ və İsrailin mümkün hava və raket zərbələrindən qorumaq məqsədilə yeraltı komplekslərdən geniş istifadə etdiyi məlumdur.
Ölkədə SEPAH-a məxsus yeraltı raket bazalarının mövcudluğu ilə bağlı daha əvvəl də məlumatlar yayılıb.