Bolqarıstanın müdafiə naziri Emil Eftimov ölkə hava məkanına daxil olaraq qəzaya uğrayan pilotsuz uçuş aparatının (PUA) Bolqarıstanı hədəf aldığına dair heç bir sübutun olmadığını açıqlayıb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, ilkin araşdırmalara əsasən, PUA-nın Ukrayna ordusu tərəfindən geniş istifadə olunan “Maya” tipli yayındırıcı dron olduğu ehtimal edilir.
Məlumata görə, PUA avqustun 8-də səhər saatlarında Rumıniya sərhədindən Bolqarıstanın hava məkanına daxil olub və General Toşevo yaxınlığındakı günəbaxan sahəsinə düşərək partlayıb. Hadisə yerinin “Trans-Balkan” təbii qaz kəmərinin Bolqarıstan kompressor stansiyasından 1 kilometr, Rumıniya stansiyasından isə 200 metr məsafədə yerləşməsi narahatlıq yaradıb.
Bolqarıstanın Baş naziri Rumen Radev PUA-nın əhəmiyyətli miqdarda partlayıcı maddə daşıdığını və partlayışın güclü səsə səbəb olduğunu bildirib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgiy Tıxıy isə Kiyevin Bolqarıstanı hədəf almadığını və Ukrayna Silahlı Qüvvələrinin qəsdən Bolqarıstan ərazisinə hər hansı vasitə yönəltmədiyini açıqlayıb.
Bununla belə, Bolqarıstan hökuməti hadisə ilə bağlı Ukraynanın Sofiyadakı səfirini görüşə çağırıb.
Qeyd edək ki, hadisədən sonra Bolqarıstan hakimiyyəti strateji obyektlərin mühafizəsinin gücləndirilməsi, sərhədboyu müşahidə sistemlərinin təkmilləşdirilməsi və ordunun yüksək dəqiqlikli radarlarla təchizatının sürətləndirilməsi barədə qərar qəbul edib.