Nazirlər Kabineti strateji investisiya layihələrinin sürətləndirilmiş qaydada icrasını təmin etmək, layihələrin planlaşdırılmasında vahid yanaşma tətbiq etmək və qurumlararası əməkdaşlığı gücləndirmək məqsədilə xüsusi Komissiyanın yaradılması barədə qərar qəbul edib. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, yeni yaradılan qurumun tərkibi aşağıdakı kimidir:
- Komissiyanın sədri: Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini
- Komissiya sədrinin müavini: Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
- Üzvlər: Maliyyə, iqtisadiyyat, ekologiya və təbii sərvətlər, energetika, ədliyyə, əmək və əhalinin sosial müdafiəsi, fövqəladə hallar, kənd təsərrüfatı, rəqəmsal inkişaf və nəqliyyat nazirlərinin müavinləri, habelə Dövlət Gömrük Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Mərkəzi Bankın sədr müavinləri.
Komissiyanın fəaliyyətini təşkil etmək üçün İqtisadiyyat Nazirliyinin nəzdində Katiblik yaradılacaq. Komissiyanın əsas vəzifələrinə aşağıdakılar daxildir:
- İqtisadiyyat Nazirliyinin ilkin qiymətləndirməsinə əsasən strateji layihələrin seçilməsi;
- Seçilmiş layihələrin siyahısının illik əsasda Nazirlər Kabinetinə təqdim olunması;
- İcra prosesində yaranan inzibati, texniki və institusional maneələrin operativ aradan qaldırılması;
- Təşviq tədbirləri, güzəşt mexanizmləri, infrastruktur dəstəyi və dövlət zəmanəti ilə bağlı təkliflərin hazırlanması;
- Layihələrin icrası barədə ildə iki dəfə Nazirlər Kabinetinə hesabat verilməsi.
Qeyd edək ki, zərurət yarandıqda, layihələrin istiqamətindən asılı olaraq Komissiyanın tərkibinə daxil olmayan digər dövlət qurumlarının nümayəndələri də işə cəlb oluna bilər.